Azərbaycanda keçirilən hərbçilər arasında futbol üzrə I Dünya kubokunda iki tura yekun vurulub. 4 qrup üzrə təşkil edilən matçlarda maraqlı nəticələr qeydə alınıb. Artıq Azərbaycan, İraq, Oman, Kot-D İvuar, Kamerun və Qətər komandaları növbəti mərhələyə vəsiqə qazanıblar. B qrupunda isə hər şey son turda bəlli olacaq.
Hərbçilər arasında futbol üzrə I Dünya kuboku
A qrupu
Turnirdə 2 turun oyunları geridə qalıb. A qrupunda yer alan Azərbaycan milli komandası 2-ci tur çərçivəsində "Bayıl Arena” stadionunda Kanada yığması ilə münasibətlərinə aydınlıq gətirib. Nazim Süleymanovun yetirmələri növbəti mərhələyə vəsiqə qazanmaq üçün bu oyunda mütləq qələbə qazanmalı idilər. Təmsilçimiz istəyinə nail olub. Oyun həmyerlilərimizin qələbəsi ilə başa çatıb. Matçın birinci hissəsində tərəflərin səyinə baxmayaraq, hesab açılmayıb. Fasilədən sonra oyuna hücumlarla başlayan yığmamız hesabı açmağa müvəffəq olub. Sağ cinahdan təşkil olunmuş hücum zamanı komanda yoldaşından ötürmə alan Elvin Məmmədov topu qapıdan keçirib. Qoldan sonra hücumlarını davam etdirən meydan sahibləri növbəti dəfə rəqibi oyuna mərkəzdən başlamağa məcbur ediblər. Oyunun 75-ci dəqiqəsində Şəhriyar Əliyev əla zərbə ilə topu qapıdan keçirib. Matçın qalan dəqiqəsində hesab dəyişməyib. Beləliklə, Kanada yığmasını 2:0 hesabı ilə məğlub edən millimiz vaxtından əvvəl 1/4 final mərhələsinə vəsiqə qazanıb. Oyundan sonra yığmamızın baş məşqçisi Nazim Süleymanov matç haqqında fikirlərini jurnalistlərə bildirib: "Bizim futbolçularda arxayınlaşmaq, eyforiyaya qapılmaq var. İstərdim ki, oyunçularımız peşəkar və özünə tələbkar olsunlar. Zəif komanda yoxdur. Oyuna zəif yanaşma var. Ona görə də çalışmaq, hazırlaşmaq, oynamaq lazımdır. Yaxşı ki, qələbə qazandıq. Fikrimizi İraq yığması ilə oyuna yönəltmişik. Rəqibimiz güclü komandadır”.
Qrupun digər oyununda İraq yığması Mali komandasını qəbul edib. Asiyalılar bu dəfə də böyük hesabla qələbə qazanıblar. Aşkar üstün oyun nümayiş etdirən İraq millisi 4 cavabsız qolla qələbə qazanıb.
Bununla da, Azərbaycan və İraq komandaları 1/4 final mərhələsinə vəsiqə qazanıblar. Bu qrupda hansı komandanın lider kimi mərhələni başa vuracağı bu komandaların qarşılaşmasından sonra məlum olacaq.
5 iyul
İraq - Mali - 4:0
Azərbaycan - Kanada - 2:0
O Q H M T X
1. İraq 2 2 0 0 11-0 6
2. Azərbaycan 2 2 0 0 6-0 6
3. Mali 2 0 0 2 0-8 0
4. Kanada 2 0 0 2 0-9 0
B qrupu
Fransa komandası Bəhreyn millisini sınağa çəkib. Maraqsız keçən matçda qalib müəyyənləşməyib. Tərəflər rəqib qapısına yol tapa bilməyərək, 1 xalla kifayətləniblər.
Qrupun digər oyununda qalib müəyyənləşib. Əlcəzair yığması Keniya komandası ilə üz-üzə gəlib. Son çempionun üstünlüyü şəraitində keçən matç onların qələbəsi ilə başa çatıb. Əlcəzair millisinin 3 qoluna rəqib 1 dəfə cavab verə bilib.
Nəticədə, qrupa 4 xalla Əlcəzair komandası liderlik edir. Amma hələlik hansı komandanın növbəti mərhələyə keçməsi məlum deyil. Hər şey son turda müəyyənləşəcək.
5 iyul
Fransa - Bəhreyn - 0:0
Əlcəzair - Keniya - 3:1
O Q H M T X
1. Əlcəzair 2 1 1 0 3-1 4
2. Fransa 2 0 2 0 2-2 2
3. Bəhreyn 2 0 2 0 0-0 2
4. Keniya 2 0 1 1 3-5 1
C qrupu
Çempionatın 4-cü günündə Oman yığması ABŞ millisi ilə münasibətlərinə aydınlıq gətirib. Asiyalıların üstünlüyü şəraitində keçən matç onların qələbəsi ilə başa çatıb. Rəqibinin qapısından 4 top keçirən Asiya təmsilçisi öz qapısından 2-ni buraxıb. Qələbə sayəsində Oman millisi qrup liderliyini qoruyub.
Kot-D İvuar komandası Almaniya yığması ilə qarşılaşıb. Afrika təmsilçisinin üstünlüyü şəraitində keçən matçda kot-d ivuarlılar qələbə qazanıblar - 2:0.
Bununla da, Oman və Kot-D İvuar komandaları 6 xal toplayaraq 1/4 finala vəsiqə qazanıblar. Onlardan hansının qrupu 1-ci yerdə başa vuracağı isə son turda öz aralarında keçirəcəkləri oyundan sonra məlum olacaq.
6 iyul
Oman - ABŞ - 4:2
Kot-D İvuar - Almaniya - 2:0
O Q H M T X
1. Oman 2 2 0 0 9-2 6
2. Kot-D İvuar 2 2 0 0 4-0 6
3. ABŞ 2 0 0 2 2-6 0
4. Almaniya 2 0 0 2 0-7 0
D qrupu
Hollandiya komandası Qətər yığması ilə üz-üzə gəlib. Oyunun taleyini bir qol həll edib. Yeganə qolu asiyalılar vurub. Qətər bir qola qələbəni bayram edib. Braziliya komandası isə Kamerun yığmasını qəbul edib. Afrika təmsilçisi 2:0 hesabı ilə avropalılara qalib gəlib.
Qrupda Qətər ilə Kamerun komandaları hərəyə 6 xal toplayaraq, 1/4 finala vəsiqə əldə ediblər. Bu komandalardan hansının qrup lideri kimi növbəti mərhələyə keçəcəyini Qətər - Kamerun oyunu müəyyənləşdirəcək. Qrupun digər komandaları - Braziliya ilə Holladiya isə hələ də xal üzünə həsrətdirlər.
6 iyul
Hollandiya - Qətər - 0:1
Braziliya - Kamerun - 0:2
O Q H M T X
1. Kamerun 2 2 0 0 3-0 6
2. Qətər 2 2 0 0 2-0 6
3. Hollandiya 2 0 0 2 0-2 0
4. Braziliya 2 0 0 2 0-3 0