Bakıda keçirilən hərbçilər arasında futbol üzrə I Dünya kuboku yekunlaşmaq üzrədir. Artıq 1/2 final mərhələsinə yüksələn komandaların adlarına aydınlıq gəlib. Azərbaycan, İraq, Oman və Kot-D İvuar komandaları mübarizəni davam etdirirlər. Bu gün həlledici mərhələyə vəsiqə qazanacaq komandalar bəlli olacaq.
Hərbçilər arasında futbol üzrə
I Dünya kuboku
A qrupu
Azərbaycan milli komandası 3-cü tur çərçivəsində İraq yığması ilə münasibətlərinə aydınlıq gətirib. Nazim Süleymanovun yetirmələri əvvəlki turda növbəti mərhələyə vəsiqə qazanmışdılar. Bu oyun qrup liderliyi baxımından əhəmiyyətli idi. Ona görə də millimiz qələbə qazanıb növbəti mərhələdə nisbətən asan rəqiblə üz-üzə gəlmək istəyirdi. Hərbçilərimiz buna nail olublar. Oyun həmyerlilərimizin qələbəsi ilə başa çatıb. "Dalğa Arena”da keçirilən oyun komandamızın üstünlüyü ilə başlayıb. Bunun məntiqi nəticəsi olaraq təmsilçilərimiz hesabı açıblar. Komanda yoldaşından əla ötürmə alan Rəhman Hacıyev topu qapıdan keçirib. Hücumlarını davam etdirən hərbçilərimiz rəqibi növbəti dəfə oyuna mərkəzdən başlamağa məcbur ediblər. Bu dəfə Elvin Məmmədov fərqlənib. Fasilədən sonra oyun qarşılıqlı hücumlar şəraitində keçib. Asiyalılar ələ düşən fürsətlərdən lazımınca istifadə edə bilməyiblər. Əvəzində meydan sahibləri növbəti dəfə fərqlənməyə müvəffəq olublar. Nurlan Novruzov rəqib qapısına yol tapıb. Nəticədə, komandamız İraq yığmasını 3:0 hesabı ilə məğlub edib. Qeyd edək ki, futbolçularımız turnirin ilk oyununda Mali yığmasına 4:0, ikinci qarşılaşmada isə Kanada komandasına 2:0 hesabı ilə qalib gəlmişdi.
Oyundan sonra yığmamızın baş məşqçisi Nazim Süleymanov matç haqqında fikirlərini jurnalistlərə bildirib: "İraq yığması qrupun lideri sayılırdı. Buna görə də futbolçuları oyuna xüsusi olaraq kökləməyə ehtiyac yox idi. Bizim onlardan daha üstün olduğumuza inanırdım. Bu üstünlüyü meydanda sübut etmək qalırdı. Uşaqlar bunu bacardılar, buna görə onlara təşəkkür edirəm. Növbəti rəqib Bəhreyn komandasıdır. Vaxt az olduğu üçün yaxşı bərpa prosesi keçməliyik”.
Qrupun digər oyununda Mali yığması
Kanada komandasını qəbul edib. Afrika təmsilçisinin üstünlüyü şəraitində keçən matç onların böyükhesablı qələbəsi ilə başa çatıb. Afrikalılar rəqib qapısına nə az, nə çox, düz 6 top vurublar. Amma bu qələbə növbəti mərhələ üçün yetərli olmayıb. Mali və Kanada əvvəlki turlarda məğlub olduqları üçün turnirlə vaxtından əvvəl vidalaşıblar.
Beləliklə, Azərbaycan komandası 3 oyundan 9 xal toplayaraq, növbəti mərhələyə qrup lideri kimi adlayıb. Liderdən 3 xal geri qalan İraq yığması ikinci pilləni tutub. Hərbçilərimiz qrup lideri kimi 1/4 final mərhələsində B qrupunda ikinci yeri tutan Bəhreyn komandası ilə qarşılaşıblar. İkinci vəsiqənin sahibi İraq yığması növbəti mərhələdə turnirin son qalibi Əlcəzair millisi ilə üz-üzə gəlib.
8 iyul
3-cü tur
Azərbaycan - İraq - 3:0
Mali - Kanada - 6:0
O Q H M T X
1. Azərbaycan 3 3 0 0 9-0 9
2. İraq 3 2 0 1 11-3 6
3. Mali 3 1 0 2 6-8 3
4. Kanada 3 0 0 3 0-15 0
B qrupu
Əlcəzair komandası Fransa millisini sınağa çəkib. Son çempionun üstünlüyü şəraitində keçən matç onların qələbəsi ilə başa çatıb. Afrikalıların vurduğu 4 topa fransızlar 1 dəfə cavab verə biliblər.
Qrupun digər oyununda Bəhreyn yığması Keniya komandası ilə üz-üzə gəlib. Oyun Asiya təmsilçisinin qələbəsi ilə başa çatıb. Bəhreyn millisi rəqib qapısından 2 cavabsız top keçirib.
Nəticədə, 7 xal toplayan Əlcəzair komandası qrup lideri olub. İkinci pilləni isə 5 xalla Bəhreyn yığması tutub. Fransa və Keniya yığmaları oyunlarını qrup mərhələsində yekunlaşdırıblar.
8 iyul
3-cü tur
Əlcəzair - Fransa - 4:1
Bəhreyn - Keniya - 2:0
O Q H M T X
1. Əlcəzair 3 2 1 0 7-2 7
2. Bəhreyn 3 1 2 0 2-0 5
3. Fransa 3 0 2 1 3-6 2
4. Keniya 3 0 1 2 3-7 1
C qrupu
Oman yığması Kot-D İvuar millisi ilə münasibətlərinə aydınlıq gətirib. Asiyalıların üstünlüyü şəraitində keçən matç onların qələbəsi ilə başa çatıb. Rəqibinin qapısından 2 top keçirən Asiya təmsilçisi öz qapısından birini buraxıb. Qələbə sayəsində Oman millisi qrup liderli olub.
Almaniya komandası ABŞ yığması ilə qarşılaşıb. Oyun Amerika təmsilçisinin qələbəsi ilə başa çatıb. ABŞ 4:1 hesabı ilə qələbə qazanıb.
Bununla da, Oman millisi bütün oyunlarını qələbə ilə başa vurub. Bu nəticə ilə asiyalılar qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanıblar. Kot-D İvuar komandası 6 xalla 1/4 finalda mübarizə aparmaq imkanı qazanıb. ABŞ və Almaniya yığmaları göstərdikləri nəticələrə görə növbəti mərhələdən kənarda qalıblar.
8 iyul
3-cü tur
Oman - Kot-D İvuar - 2:1
Almaniya - ABŞ - 1:4
O Q H M T X
1. Oman 3 3 0 0 11-1 9
2. Kot-D İvuar 3 2 0 1 5-2 6
3. ABŞ 3 1 0 2 6-7 3
4. Almaniya 3 0 0 3 1-11 0
D qrupu
Braziliya komandası Hollandiya yığması ilə üz-üzə gəlib. Azarkeşlər oyunda 6 qolun şahidi olublar. "Sambaçılar” rəqib qapısından 5 top keçiriblər. Avropalılar bunlardan yalnız birinin əvəzini çıxa biliblər. Amma bu qələbə braziliyalıların növbəti mərhələyə çıxması üçün yetərli olmayıb. Qətər isə Kamerun yığmasını qəbul edib. Afrika təmsilçisi 2:1 hesabı ilə qələbəni bayram edib.
Nəticədə, qrupda Kamerun bütün oyunları qələbə ilə başa vuraraq, qrup lideri olub. Qətər 6 xal toplayaraq qrupdan 1/4 finala vəsiqə qazanan ikinci komanda olub. Bununla da, 1/4 finalda C qrupunun birincisi Oman D qrupunun ikincisi Qətərlə, D qrupunun birincisi Kamerun isə C qrupunun ikincisi olan Kot-D İvuarla qarşılaşıb.
8 iyul
3-cü tur
Braziliya - Hollandiya - 5:1
Qətər - Kamerun - 1:2
O Q H M T X
1. Kamerun 3 3 0 0 5-1 9
2. Qətər 3 2 0 1 3-2 6
3. Brazilya 3 1 0 2 5-4 3
4. Hollandiya 3 0 0 3 1-7 0
1/4 final mərhələsi
Azərbaycan komandası Bəhreyn yığması ilə münasibətlərinə aydınlıq gətirib. Oyun gərgin və maraqlı keçib. Matçda hesabı meydan sahibləri açıblar. Elnur Abdulov fərqlənib. Qoldan sonra ruhdan düşməyən asiyalılar 2 qol vuraraq, hesabda önə keçiblər. Bundan sonra irəli atılan hərbçilərimiz hesabı bərabərləşdirməyə müvəffəq olublar. Baş hakimin əsas vaxta əlavə etdiyi 3-cü dəqiqədə künc zərbəsindən ötürülən topu Ruslan Qurbanov başla qapıdan keçirib - 2:2. Oyunun əsas vaxtı heç-heçə başa çatdığına görə tərəflər qalibi müəyyənləşdirmək üçün 2 hissədən ibarət olan daha 30 dəqiqə oynayıblar. Millimiz bu dəqiqələrdə qələbə qolunu vurub. Oyunun 106-cı dəqiqəsində Rəhman Hacıyevin uzaqdan vurduğu top rəqib qapıçısı üçün qarşısıalınmaz olub. Nəticədə, rəqibini 3:2 hesabı ilə məğlub edən yığmamız növbəti mərhələyə vəsiqə qazanıb. Oyundan sonra yığmamızın baş məşqçisi Nazim Süleymanov matç haqqında fikirlərini jurnalistlərlə bölüşüb: "Futbolda belə hadisələr olur. Hesabda irəli olduğun halda geri də düşə bilərsən. Əsas odur ki, hesabda geri düşəndə özündə güc tapıb irəli çıxmağı bacarasan. İki gün əvvəl İraq yığması ilə oynamışdıq. Uşaqlarda yorğunluq var idi. Amma əzmkarlıq göstərib qələbə qazandıq”.
1/4 final mərhələsində keçirilən digər 3 oyunda isə cütlərin taleyinə əsas vaxtda aydınlıq gətirilib. İraq komandası Əlcəzair millisini 2:1 hesabı ilə məğlub edib. Oman komandası Qətər yığmasından güclü olub - 3:0. Sonuncu oyunda isə Kamerun yığması 1:2 hesabı ilə Kot-D İvuar millisinə məğlub olub.
Beləliklə, 1/2 final mərhələsində Azərbaycan yığması İraq millisini, Oman futbolçuları isə Kot-D İvuar komandasını sınağa çəkəcəklər.
10 iyul
Azərbaycan - Bəhreyn - 3:2 (əlavə vaxtda)
Əlcəzair - İraq - 1:2
Oman - Qətər - 3:0
Kamerun - Kot-D İvuar - 1:2
1/2 final mərhələsi
12 iyul
21:00. Azərbaycan - Oman
21:00. İraq - Kot-D İvuar