Millimiz Dünya kubokunda 4-cü oldu

Millimiz Dünya kubokunda 4-cü oldu


Turnirin qızıl medallarını İraq yığması qazandı

Ölkəmizdə keçirilən hərbçilər arasında I dünya kubokuna yekun vurulub. Turnirin qalibi adını İraq millisi qazanıb. Finalda məğlub olan Oman yığması gümüş medallarla kifayətlənib. 3-cü yer uğrunda yarışda millimizi məğlub edən Kot-D İvuar komandası bürünc medala sahib çıxıb.
1/4 finalda Bəhreyn yığmasını məğlub edərək (3:2) yarımfinala yüksələn millimiz bu dəfə Oman yığması ilə qarşılaşıb. Baş məşqçi Nazim Süleymanovun yetirmələrinin finala gedən yolda qarşısını asiyalılar kəsiblər. Komandamız Oman hərbçilərinə 1:2 hesabı ilə məğlub olub. Halbuki təmsilçilərimiz fasiləyə üstün yollanıblar. Lakin rəqib komanda ikinci hissədə 2 qol vuraraq qələbə qazanıb.
1/2 finalda gedən yolda İraq millisi Kot-D İvuar yığmasını qəbul edib. Qarşılaşmada Asiya təmsilçisi afrikalıları böyük hesabla məğlub edib - 3:0. Beləliklə, Nazim Süleymanovun yetirmələri 3-cü yer uğrunda görüşdə Kot-D İvuar komandası ilə qarşılaşıb. Təmsilçimizi məğlub edən Oman isə finalda İraq yığması ilə münasibətlərinə aydınlıq gətirib.
İyulun 14-də əvvəlcə 3-cü yer uğrunda oyun keçirilib. "Dalğa Arena”da keçirilən oyuna fəal başlayan Azərbaycan millisinin hücumlarına baxmayaraq oyunun birinci hissəsində hesab açılmayıb. İkinci hissədə Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Meydanda Azad Kərimovu Ruslan Qurbanov, Bəxtiyar Soltanovu Eşqin Quliyev, Tərlan Xəlilovu isə Rəhman Hacıyev əvəz edib. Kot-D İvuar komandası görüşün ikinci hissəsində hesabı açıb. Gərgin və maraqlı keçən oyun 1:0 hesabı ilə Afrika təmsilçisinin qələbəsi ilə başa çatıb. Bununla da, Kot-D İvuar yığması Dünya kubokunda bürünc medallara sahib olub.

Həlledici oyun çərçivəsində "Dalğa Arena”da keçirilən oyunda Oman və İraq komandaları birincilik uğrunda mübarizə aparıblar. Maraqlı keçən oyunda azarkeşlər 5 qolun şahidi olublar. İraq komandası Oman millisinə 3:2 hesabı ilə qalib gələrək yarışın kubokuna və qızıl medallarına sahib olub. Qarşılaşmanı azərbaycanlı baş hakim Rəhim Həsənov idarə edib. Ona həmyerlisi Zeynal Zeynalov və Birləşmiş Ərəb Əmirliklərindən hakim Saleh Al-Marzouqi kömək ediblər.
Oyunun sonunda hərbçilər arasında futbol üzrə I dünya kubokunda fərqlənənlər kubok və medallarla təltif olunublar. Beləliklə, "Ədalətli oyun kuboku” Azərbaycan komandasına, ən çox qol vuran oyunçu adı İraq komandasının 8 nömrəli oyunçusu Hammadi Al-Daeeaaya, ən yaxşı oyunçu adı Oman komandasının 10 nömrəli oyunçusu Abdulaziz Al Murtaziyə, ən yaxşı qapıçı adı Azərbaycan komandasının 25 nömrəli oyunçusu Aqil Məmmədova, "Ədalətli oyuna görə” mükafatı isə Azərbaycan komandasının 4 nömrəli oyunçusu Nodar Məmmədova verilib.
Sonda turnirin qaliblərinin təltif olunması mərasimi keçirilib. Əvvəlcə final oyununun hakimləri mükafatlandırılıblar. Sonra yarışın kuboku və qızıl medalları İraq, kubok və gümüş medalları Oman, kubok və bürünc medalları isə Kot-D İvuar komandalarına təqdim olunub. Mükafatları Azərbaycan Respublikası müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov, Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Hamad Kalkaba, Mərkəzi Ordu İdman Klubunun rəisi general-mayor Natiq Əliyev, Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov, beynəlxalq hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti polkovnik Mesut Cerit, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, AFFA-nın baş katibi Elxan Məmmədov, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, futbol veteranı İsgəndər Cavadov təqdim ediblər.
Hərbçilər arasında futbol üzrə
I Dünya kuboku
12 İyul
1/2 final mərhələsi
Azərbaycan - Oman - 1:2
İraq - Kot-D İvuar - 3:0

14 iyul
3-cü yer uğrunda
Azərbaycan - Kot-D İvuar - 0:1

Final
İraq - Oman - 3:2