Xatirə turnirində qaliblər müəyyənləşdi

Xatirə turnirində qaliblər müəyyənləşdi
Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında Azərbaycanın Əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Hacıbaba Əsgərovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə ənənəvi - üçüncü respublika turniri başa çatıb.
Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) «Olimpiya dünyası» qəzetinə bildiriblər ki, yüksək səviyyədə təşkil edilən yarışda tamaşaçılar medallar uğrunda gərgin idman mübarizəsinin şahidi olublar.

Şəxsi xarakter daşıyan turnirdə qadın və kişi ağır atletlər, həmçinin ustadlar iştirak ediblər. Qaliblər Sinkleyr cədvəli əsasında müəyyən edilib və onlara müvafiq dərəcəli diplom, medal, xatirə hədiyyələri, mükafatlar təqdim olunub.
Turnirin açılış mərasimində AAAF-ın baş katibi Rizvan Rəsulov çıxış edərək bu yarışların təşkilinin artıq xoş ənənəyə çevrildiyini vurğulayıb. O, Hacıbaba Əsgərovun xatirəsinin artıq üçüncü ildir yarış meydanında qeyd edildiyini, bunun idman bayramına çevrilməsindən məmnunluğunu bildirib. Federasiyanın bu turnirin təşkilinə dəstəyini bundan sonra da davam etdirəcəyini deyən R.Rəsulov iki il əvvəl Hacıbaba Əsgərovun 100 illik yubileyinin geniş qeyd olunduğunu xatırladıb və iştirakçılara uğurlar arzulayıb.
Hacıbaba Əsgərovun qızı Gülarə Nərimanova atasının xatirəsinə həsr olunan növbəti turnirin təşkilinə görə minnətdarlığını bildirib. Turnirə veteran atletlərin də qoşulmasından məmnunluğunu deyən G.Nərimanova bu xatirə turnirinin miqyasının ildən-ilə genişlənəcəyinə, iştirakçıların sayının artacağına əminliyini ifadə edib, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbriklərini çatdırıb.

Yarışlarda körpücük üzərinə əvvəlcə qadın atletlər çıxıblar. Onların arasında toplam 152 kiloqram (68+84) nəticə və 217,7 xalla Səbinə Əzimova bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və qızıl medala layiq görülüb. İkinci pillədə ümumilikdə 136 kiloqram (59+77) nəticə və 209,5 xalla Mərziyyə Məhərrəmova, üçüncü pillədə isə iki həyətin 149 kiloqram (67+82) nəticə və 200,3 xalla Günel Vəliyeva qərarlaşıblar.
Kişi atletlərin mübarizəsi də maraqlı idman mübarizəsi şəraitində keçib. İki hərəkətin 320 kiloqram (145+175) nəticə və 363,41 xal qazanan Kamran İsmayılov yarışın qalibi adına layiq görülüb. Gümüş medala iki hərəkətin cəmində 273 kiloqram (123+150) nəticə və 349,62 xal toplayan Kənan Xəlilova, bürünc medala isə yekunda 263 kiloqram (115+148) nəticə və 338,73 xal yığan Elşad Şərifova sahib olublar.

Körpücük üzərinə son olaraq ustadlar çıxıblar. Onlardan 150 kiloqram (65+85) nəticə və 343,73 xalla Sərdar Quliyev çempion adını qazanıb. İkinci yeri 277 kiloqram (125+152) nəticə və 337,82 xalla Elnur Hüseynov, üçüncü yeri isə 219 kiloqram (96+123) nəticə və 334,70 xalla Zəfər Tağıyev tutublar.
Qeyd edək ki, xatirə turnirinin təşkilində məqsəd Hacıbaba Əsgərovun həyat yolunun və idman uğurlarının gənc idmançılar arasında təbliğ olunması, ağırlıqqaldırmanın inkişaf etdirilməsi və idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.