Milli Mətbuat Günü ərəfəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) idman jurnalistlərinin görüşü keçirilib.AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistləri qarşıdan gələn bayram münasibəti ilə təbrik edərək, Prezident İlham Əliyevin ölkədə idmanın inkişafına diqqət və qayğısı, o cümlədən futbolun inkişaf perspektivləri, bu idman növünün kütləviliyinin artması barədə məlumat verib. Baş katib bildirib ki, Azərbaycanda uşaq və yeniyetmələr arasında futbolun inkişafı və xarici ölkələrin futbol klubları ilə müştərək layihələrin həyata keçirilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Hazırda Portuqaliyanın "Sportinq” komandası ilə birgə layihə hazırlandığını diqqətə çatdıran Elxan Məmmədov idman jurnalistləri ilə görüşündə vurğulayıb: "Son vaxtlar biz bəzi klublarla müştərək layihələr həyata keçiririk. Uşaq futbolunun inkişafına xüsusi diqqət yetiririk. Bu məsələ bizim üçün ilk növbədə sosial baxımdan əhəmiyyətlidir. Yaxın vaxtlarda "Ayaks” komandasının nümayəndələri ilə, "Barselona”nın prezidenti ilə görüşlər keçirilmiş, "Mançester Yunayted” klubunda təlim keçmək üçün uşaqlar seçilib. Onların arasında bir qız da var».
AFFA-nın baş katibi təmsil etdiyi təşkilatın Naxçıvan komandaları arasında mini-turnir keçirilməsini təklifini də jurnalistlərin nəzərinə çatdırıb. Birinci divizionda çıxış edən bəzi klubların mövsümdə bir dəfə Naxçıvana uçmaq imkanı olmadığını deyən E.Məmmədov bunun üçün Muxtar Respublikada altı komandanın iştirakıyla turnir keçirilməsini təklif edib. Layihəyə görə turnirin qalibi olan komanda Premyer-Liqada çıxış etmək imkanı qazanacaq.