Azərbaycanın daha bir futbolçusu Türkiyə çempionatında çıxış edəcək. Milli komandamızın və "Kəpəz”in keçmiş üzvü Fərid Quliyev karyerasını bundan sonra qardaş ölkənin PTT I liqasında davam etdirəcək.
Türkiyə mətbuatının yaydığı məlumata görə, 27 yaşlı hücumçu rəsmən "Kahramanmaraşspor”un oyunçusu olub. Türkiyə klubu F. Quliyevlə əvvəlcə ilkin razılığa gəlib. Sonra "Kahramanmaraşspor” futbolçumuzla rəsmi müqavilə imzalayıb.
Qeyd edək ki, Fərid Quliyev 2009-2010-cu illər mövsümündə "Standard”ın heyətində 16 qolla ölkə çempionatının bombardiri olub. Sonra o, "Neftçi”, "Simurq”, "Sumqayıt” və "Turan”ın şərəfini qoruyub.