"Xəzər Lənkəran” klubu ilə yoldaşlıq oyunu keçirmək üçün ölkəmizə səfər edən Türkiyənin "Fənərbağça” klubu iyulun 20-də axşam saatlarında Lənkərana gəlib. Türkiyə klubunu gətirən təyyarə saat 21:20-də Lənkəran Beynəlxalq Hava Limanına enib və nümayəndə heyəti hava limanından birbaşa məskunlaşacaqları hotellərə yollanıb.İyulun 21-də isə "Fənərbağça” klubunun baş məşqçisi Ərsun Yanal və klubun idarə heyəti Lənkəran stadioununda olublar. Qonaqlar qazonun durumuna nəzər yetirdikdən sonra media nümayəndələri üçün ayrılmış tribuna, soyunub-geyinmə otaqları, konfrans zalı və futbolçuların qaldıqları baza ilə tanış olublar. Gördükləri mənzərədən məmnunluq ifadə edən qonaqlar daha sonra "Xəzər Lənkəran” klubunun muzeyi ilə tanış olublar. Klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu qonaqlara klubun tarixi ilə bağlı məlumatları əks etdirən foto-kadrlar haqqında ətraflı məlumat verib.
"Fənərbağça” klubunun baş məşqçisi Ərsun Yanal muzeyin fəxri qonaqlar üçün ayrılmış xatirə kitabına öz qeydlərini edib və idarə heyəti ilə birgə "Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşakın iş otağında olub.