Dostluq görüşündə “Fənərbağça” qalib gəldi

Dostluq görüşündə “Fənərbağça” qalib gəldi



"Xəzər Lənkəran” klubunun yaranmasının 10 illiyi ilə bağlı yubiley tədbirləri sırasında ilk layihələrdən birinə start verilib. İyulun 21-də ölkəmizi UEFA Avropa Liqasında təmsil edən "Xəzər Lənkəran” yoldaşlıq oyununda qüvvəsini sınayıb. Cənublular doğma azarkeşlər önündə Türkiyənin "Fənərbağça” klubu ilə görüşüb. Maraqlı mübarizə şəraitində keçən oyunda azarkeşlər 4 qolun şahidi olublar. Bu qolların hamısını qonaqlar vurublar.

Yoldaşlıq oyunu
"Xəzər Lənkəran” (Azərbaycan) - "Fənərbağça” (Türkiyə) - 0:4 (0:2)
Qollar: Mixal Kadlets, 4, Pyer Vebo, 45, Mehmet Topuz, 89, Raul Meyreleş, 90+3.

Xəzər Lənkəran: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 16. Adrian Pit, 9. Uğur Pamuk, 27. Adrian Skarlatake, 11. Zohair Benouahi, 14. Rahid Əmirquliyev (k), 10. Elnur Abdullayev, 12. Junior Nildo.
Fənərbağça: Volkan Dəmirəl, Bəkir İrtegün, Yozef Yobo, Bruno Alveş, Mixal Kadlets, Alper Potuk, Semuel Holmen, Emre Belözoğlu, Dirk Kuyt, Pyer Vebo, Miroslav Stok.
Baş hakim: Vüsal Əliyev.
21 iyul. Lənkəran. Mərkəzi şəhər stadionu.
Almaniya hazırlığında yerli "İnqolştadt 04” klubunun ikinci komandası (6:1) və Maltada "Birkirkara” (1:1) ilə qarşılaşmadan sonra Lənkəran təmsilçisi bu dəfə rəqibi ilə doğma azarkeşləri önündə - "Fırtınalar meydanı”nda üz-üzə gəlib.
Oyun qonaq komandanın ərazi üstünlüyü ilə keçib. Bunun nəticəsidir ki, Con Toşakın yetirmələri "sarı lacivərdlilər”ə böyük hesabla məğlub olublar. Rəqib komanda hər hissədə vurduğu 2 qolla meydanı qalib tərk edib. Birinci hissədə Mixail Kadlets və Vebo fərqləniblər. Fasilədən sonra isə Mehmet Topuz və Raul Meyreleş rəqib qapısına yol tapıblar. Dostluq matçı "Fənərbağça” klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, oyunu izləyənlər arasında AFFA prezidenti Rövnəq Abdullayev, "Fənərbağça” klubunun prezidenti Əziz Yıldırım, "Xəzər Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov, prezidenti Mais Mənsimov, Türkiyənin tanınmış müğənnisi Mahsun Qırmızıgül və digər rəsmi qonaqlar olublar.
Matçın fasiləsində Əziz Yıldırım "Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimova xatirə hədiyyəsi təqdim edib. Oyundan sonra isə Rövnəq Abdullayev, Əziz Yıldırım və Mübariz Mənsimov hər iki komandanın soyunub-geyinmə otağına gələrək futbolçu və məşqçi heyəti ilə görüşüblər.
Məlumat üçün bildirək ki, "Xəzər Lənkəran” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyun günündə İsrailin "Makkabi” klubu ilə qarşılaşıb və Hayfa şəhərində keçirilən birinci görüşdə meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıb. Bu komandalar arasında təşkil olunacaq cavab qarşılaşması isə iyulun 25-də, saat 21:00-da Lənkəranda keçiriləcək.