Ağdamlıların növbəti rəqibi İsveç təmsilçisidir
Ötən həftə UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub. Ölkəmizi turnirdə təmsil edən "Qarabağ” klubu səfərdə Polşanın "Piast” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Qeyd edək ki, tərəflər arasında keçirilən ilk oyunda ağdamlılar minimum hesablı qələbə qazanmışdılar. Buna görə də "Qarabağ”a növbəti mərhələyə vəsiqə qazanmaq üçün heç-heçə də sərf edirdi. Ağdam təmsilçisi səfərdə lazım olan nəticəni qazanıb. Onun növbəti mərhələdəki rəqibi İsveçin "Gefle” klubu olacaq.
UEFA Avropa Liqası
III təsnifat mər
hələsi, ilk oyun
"Qarabağ” (Azərbaycan) - "Gefle” (İsveç)
Baş hakim: Nikolas Rainvili (Fransa).
1 avqust. Bakı. Tofiq Bəhramaov adına Respublika stadionu. Saat 21:00.
"Piast” klubu ilə oyun həmyerlilərimizin hücumları ilə başlayıb. Bunun məntiqi nəticəsi olaraq, "Qarabağ” oyunun əvvəllərində hesabı açıb. Matçın 8-ci dəqiqəsində sol cinahdan təşkil olunmuş hücum zamanı Reynaldonun ötürdüyü topu Leroy Corc rəqib qapısına vurub - 0:1. Qoldan sonra da qonaqlar hücumlarını davam etdiriblər. Bir neçə qol imkanını əldən verən ağdamlılar Nikolas Gelaşvili ilə hesab arasındakı fərqi artırmağa yaxın olublar. Lakin meydan sahiblərinin qapıçısı inamlı çıxışı ilə ikinci qola mane olub. Polşa təmsilçiləri isə oyunlarını əks-hücumlar şəraitində qurublar. Belə vəziyyətlərdən birində rəqib komanda hesabı bərabərləşdirib. Oyunun 29-cu dəqiqəsində komandamızın qapısı qarşısında yaranan qarşıllıqdan Mateuş Matras lazımınca istifadə edib. Qoldan sonra hücumlarını davam etdirən meydan sahibləri hesabda önə keçməyə müvəffəq olublar. Matçın 36-cı dəqiqəsində komanda yoldaşında ötürmə alan Marçin Robak "Qarabağ”ın qapıçısına şans verməyib - 2:1.
Fasilədən sonra oyun sakit məcrada keçib. Tərəflər ara-sıra hücumlarda qüvvələrini yoxlayıblar. Belə vəziyyətlərin birində polşalılar hesabı artırmağa yaxın olublar. Lakin qapı tiri təmsilçimizi qoldan xilas edib. Komandamızın heyətində isə Vüqar Nadirovla Rəşad Sadıqov ələ düşən qol imkanlarından istifadə edə bilməyiblər. Matçın əsas vaxtı 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. İki oyunun nəticəsinə görə hesab bərabər olub. Futbolçular qalibi müəyyənləşdirmək üçün iki hissədən ibarət əlavə 30 dəqiqə meydanda mübarizə aparıblar. Soyuqqanlı oyun nümayiş etdirən təmsilçimiz lazım olan qolu rəqib qapısından vurub. Matçın 108-ci dəqiqəsində oyuna sonradan daxil olan İlrix Kapolonqo əla reydini qolla tamamlayıb - 2:2. Az sonra afrikalı futbolçu 2-ci qolunu vurmağa yaxın olub. Lakin onun zərbəsində azacıq dəqiqlik çatmayıb. Beləliklə, iki oyunun nəticəsinə görə rəqibini 4:3 hesabı ilə məğlub edən "Qarabağ” klubu adını növbəti mərhələyə yazdırıb.
Qeyd edək ki, Azərbaycan futbolu tarixində 25-ci dəfə klubumuz avrokuboklarda mərhələ adlayıb. Yubiley uğurunun memarı Ağdamın "Qarabağ” klubudur. Qurban Qurbanovun yetirmələri bu il II təsnifat mərhələsini adlayan tək klubumuz olub. Ümumilikdə isə Ağdam təmsilçisi 10-cu dəfə mərhələ adlayıb. Avropada mərhələ keçən 7 Azərbaycan klubu arasında mütləq rekordun sahibi olan "Qarabağ” bütün uğurlarımızın 40 faizinin sahibidir. Bu klub 2 ən yaxın izləyicisi - "Neftçi” ilə "İnter”in Avropada birlikdə qazandıqlarını təkbaşına əldə edib.
Növbəti mərhələdə "Qarabağ” klubunun rəqibi İsveçin "Gefle” komandası olacaq. İsveçlilər əvvəlki mərhələdə Kiprin "Anortosis” klubunu iki oyunun nəicəsinə görə məğlub ediblər (4:3). Məlumat üçün bildirək ki, 19 illik avrokubok tariximizdə təmsilçimiz İsveç klubu ilə ilk dəfə qarşılaşacaq. İsveç avrokuboklarda təmsilçilərimizə rəqib olan 40-cı ölkə olacaq. Bu isə o deməkdir ki, avrokuboklarda iştirak edən 53 ölkədən yalnız 11-i ilə qarşılaşmağımız mümkün olmayıb. Çünki 53 ölkədən biri biz, biri isə UEFA-nın da bizimlə düşməsinə imkan vermədiyi Ermənistandır. UEFA-nın 54-cü ölkəsi Cəbəllütariq isə hələlik avrokuboklarda iştirak etmir. Qeyd edək ki, qarşılaşmadığımız ölkələr İspaniya, İngiltərə, Portuqaliya, Şotlandiya, Macarıstan, Qazaxıstan, İrlandiya, Lüksemburq, Lixtenşteyn, San-Marino və Andorradır.

Gavle şəhərini təmsil edən komandanın əsası ilk dəfə 1882-ci il dekabrın 5-də "Gefle Sportklub” kimi qoyulub. Əvvəlcə isveçlilər burada bir neçə idman növü ilə məşğul olublar. 1983-cü ilin yanvarın 24-də isə klubun adı dəyişdirilərək, "Gefle İdrottsförening” olub.
Qədim tarixə malik olan və heç bir nailiyyət qazanmayan ağdamlıların rəqibi ilk futbol matçını 1898-ci ildə keçirib. Onlar 1933-də isə birinci dəfə İsveçin əsas çempionatında mübarizəyə qoşulublar. Lakin "Gefle” 2 ildən sonra yenidən II diviziona "yuvarlanıb”. İsveç klubu Allsvenskana qayıtmaq üçün 48 il gözləməli olub. 1983 və 1984-cü ildə ən yüksək liqada çıxış edən Gavle təmsilçisi mövsümün sonunda (1984-cü il) yenidən gəldiyi yerə - aşağı diviziona yollanıb. Nəhayət, 20 ildən sonra Allsvenskana vəsiqə qazanan "Gefle” 2006-cı ildə ilk dəfə İsveçrə kubokunun finalında oynayıb. Elə həmin Gavle təmsilçisi "Fair Play” çərçivəsində birinci dəfə UEFA Kubokunun, 2010-2011-ci ildə isə Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edib. Bu mövsüm isə onların avrokuboklarda ümumilikdə 3-cü cəhdidir.
Prezidenti Leyf Lindstrand olan Gavle klubunu baş məşqçi vəzifəsini Per Olsson həyata keçirir. 49 yaşlı mütəxəssis 2005-ci ildən bu komandanın çalışdırır. Klub ev oyunlarını 7 200 tamaşaçı tutumu olan "Strömvallen” stadionunda keçirir. Ölkə çempionu olmayan "Gefle”də əsasən yerli futbolçular üstünlük təşkil edir. 131 yaşa malik olan isveçlilərin heyətində legionerlər isə "Finlandiya, Qana və Cənubi Afrikadan olan oyunçulardır.
İsveçlilər oyuna ciddi hazırlaşırlar. "Gefle” "Qarabağ”la oyunqabağı ölkə çempionatında "Malmö” klubu ilə qarşılaşıblar. Rəqibimiz turnir cədvəlinin ikinci pilləsində gedən komandanı 2:0 hesabı ilə məğlub edib. Qolları oyunun 14-cü dəqiqəsində Lundevall, 48-ci dəqiqədə isə Oremo vurublar. Xallarını 17-ə çatdıran "Gefle” turnir cədvəlində 11-ci pilləyə yüksəlib.
Avqustun 1-də keçiriləcək rəqiblə oyun Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Göründüyü kimi, "Gefle” klubu elə də güclü komanda deyil. Rəqib ancaq "Fair Play” sayəsində avrokuboklarda iştirak etmək imkanı qazanıb. İlk oyununu doğma azarkeşlər önündə keçirəcək "Qarabağ”ın qələbə qazanmaq şansları yüksək qiymətləndirilir. Ona görə də təmsilçimiz rəqiblə keçiriləcək birinci matçda qələbə qazanmaqla səfərə arxayın gedə bilər.

Yeri gəlmişkən, ölkəmizin digər təmsilçisi "İnter” turnirdəki çıxışını vaxtından əvvəl dayandırıb. "Bankçılar” "Bayıl Arena” stadionunda Norveçin "Tromse” klubunu qəbul edib. Səfər oyununda 0:2 hesabı ilə məğlub olan komandamız cavab görüşünə fəal başlayıb. Amma futbolçularımız birinci hissədə "Tromse”nin qapısına yol tapa bilməyiblər. Fasilədən sonra "İnter” bütün heyətlə irəli atılıb və sonradan meydana daxil olan Baçana Sxadadze matçın 76-cı dəqiqəsində hesabı açıb. Oyunun taleyini əlavə vaxtda həll etmək üçün Kaxaber Sxadadzenin yetirmələrinə daha bir top vurmaq lazım idi. Lakin təmsilçimiz bunu edə bilməyib. Qarşılaşma "İnter”in 1:0 hesablı qələbəsi ilə başa çatsa da, iki görüşün nəticəsinə görə Norveç təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb. Qeyd edək ki, turnirin növbəti mərhələsində "Tromse” Lüksemburqun "Differdanj” klubu ilə üz-üzə gələcək.
Rahib Səmədov