UEFA-nın avrokuboklar üçün əmsallar cədvəli açıqlanıb. 2013/14-cü illər mövsümünün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarından sonra siyahıda cüzi dəyişikliklər qeydə alınıb.
İyulun 25-də təşkil olunan qarşılaşmalarının da əksini tapdığı cədvəldə Azərbaycan xal hesabını artırıb. UEFA reytinqində matçın əsas deyil, penaltilər seriyasınadək olan bütün oyun vaxtı nəzərə alındığından Polşada "Piast”la heç-heçə edən "Qarabağ” da, Bakıda Norveç "Tromse”sini məğlub edən "İnter” də reytinq xalı qazanıblar.
Bakılılar 0,250 xal, Ağdam təmsilçisi bunun yarısı qədər əldə edib. Bir gündə qazanılan 0,375 xal cari mövsümki qiymətimizi 2-yə çatdırıb. UEFA-dan alınan bu "2”nin 0,875-ni "Qarabağ”, 0,625-ni "İnter”, 0,375-ni "Xəzər Lənkəran”, 0,125-ni "Neftçi” toplayıb.
5 mövsümdə qazandıqlarımızın cəmi 9,875-ə çatıb. 30-cu pillədə qərarlaşan ölkəmiz mövqeyini qoruyub. Düzdür, artıq Azərbaycan 29-cu pillədəki Slovakiyadan 0,875 xal geridədir. Bu da irəliləməyimizi çətinə salır. Lakin izləyicilərimizlə fərqin də 0,625-ə çatması mövqeyimizi tərk etməməyimizə nikbin baxmaq üçün əsas verir.
...25. Norveç 13.475 (3 klubu qalıb)
26. Serbiya 12.13.250 (3)
27. Macarıstan 11.625 (0)
28. Bolqarıstan 11.375 (2)
29. Slovakiya 10.750 (2)
30. Azərbaycan 9.875 (1)
31. Gürcüstan 9.250 (2)
32. Sloveniya 9.250 (1)
33. Moldova 8.750 (2)
34. Bosniya Herseqovina 7.500 (1)
35. Finlandiya 7.175 (0)