Polşa yığması, İngiltərənin "Liverpul” və İspaniyanın "Real” klublarının keçmiş qapıçısı Eji Dudek UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən "Piast” - "Qarabağ” matçından sonra (2:2) Polşa mətbuatına açıqlama verib.O, "Qarabağ” klubunun güclü komanda olduğunu vurğulayıb: "”Piast”ın bu mərhələni keçəcəyinə ümid bəsləyirdim. Amma növbəti mərhələyə "Qarabağ” vəsiqə qazandı. Çünki rəqibin futbolçuları fərdi baxımdan daha inamlı çıxış etdilər. Azərbaycan kimi ölkələrdə belə bir prinsip var ki, yaxşıları bir yerə toplayırlar. Belə olan halda komandada yaxşı rəqabət formalaşır. Əlbəttə, Polşa çempionatı daha güclüdür. Amma komandamızın Azərbaycan təmsilçisini keçə bilməməsi təəccüblü deyil. Təəssüf ki, belə alındı. Lakin unutmamalıyıq ki, "Qarabağ” yaxşı qurulmuş komandadır və onların avrokubolarda təcrübələri böyükdür”.
Dudek "Qarabağ”ın cavab matçında daha yaxşı təsir bağışladığını qeyd edib: "”Qarabağ” meydanda daha yaxşı tərəf idi. Azərbaycanlılar həm topla, həm də topsuz çox yaxşı davranırdılar. Elə oyunun əvvəlində onlar iki qol vurmağa yaxın idilər. Leroy Corc ikinci qolu da vursa idi, hər şey daha fərqli olacaqdı. "Piast”ın hücumları isə effektsiz alınırdı. Azərbaycan klubları ilə qarşılaşmalar həmişə çətin keçib. Bu dəfə də komandamız onlarla bacarmadı”.
Polşalı keçmiş qapıçı "Piast”ın qapıçısı Yakub Şumskinin çıxışına da qiymət verib: "Ulrix Kapolonqonun fərqləndiyi vəziyyətdə Şumski topu tuta bilsə idi çox əla olacaqdı. Amma bu, çox çətin zərbə idi. Top qapıya gedərkən yerə də toxundu. Buna görə qapıçını günahlandırmaq düzgün olmazdı. Yəqin ki, o da komandasını xilas etmək istərdi”.
Eji həmçinin "Piast”ın debüt mövsümündə mərhələ keçə bilməməsini uğursuz hesab etmədiyini vurğulayıb: "Unutmayın ki, bu, mövsümün əvvəlidir. Hər komandada belə uğursuzluq olur. Bu heç-heçə komandanın uğursuzluğu kimi dəyərləndirilməməlidir”.