Milad Beigi Herçəqani: “Karantindən sonra ilk edəcəyim iş ailəmi ziyarət etmək olacaq”

Milad Beigi Herçəqani: “Karantindən sonra ilk edəcəyim iş ailəmi ziyarət etmək olacaq”

“Hazırda Bakıdayam. Zərurət olmadığı halda evdən çıxmamağa çalışıram. Məşqlərimi də ev şəraitində edirəm. Təbii ki, bu peşəkar idmançı üçün çox çətin prosesdir”.

Bu sözləri “Olimpiyadunyasi.com” və “Olimpnews.az” saytına açıqlamasında taekvondo üzrə milli komandamızın İran əsilli idmançısı Milad Beigi Herçəqani deyib.

Dünya, Avropa çempionu, Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc medalçısı, I Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının və bir sıra mötəbər yarışların qalibi olan taekvondoçu yalnız evdə fiziki hərəkətlər edərək formasını qorumağa çalışır.

“Taekvondo elə bir idman növüdür ki, məşq etmək üçün lazımı avadanlıqlar olmalıdır. Bu avadanlıqlar olmadan ev şəraitində məşq edərək fiziki hazırlığın yalnız 30-40 faizini qorumaq mümkündür. Texniki və taktiki məşqlər etmək üçün isə bizə rəqib lazımdır. Sparrinqimiz olmadığı üçün həmin məşqləri etmək mümkün olmur. Düşünürəm ki, karantindən sonra idmançıların məşqə qayıtması çətin olacaq. Elə proqramlardan istifadə etməliyik ki, zədələnmək halları olmasın. Yaxın vaxtlarda yarış gözlənilmədiyi üçün çəkimin artaması kimi bir narahatlığım yoxdur. Amma çalışıb qida rasionuma və çəkimə fikir verirəm. Bundan başqa federasiyanın həkimləri ilə də əlaqə saxlayır, onların proqramlarından istifadə edirəm”.

O, həmçinin karantindən sonra edəcəyi ilk iş barəsində də danışıb. Sərhədlərin açılacağı günü səbirsizliklə gözləyən taekvondoçu öz ölkəsinə, ailəsinin yanına gedəcəyini deyib:

“Etiraf edim ki, yarışlar və məşqlər üçün çox darıxmışam. Bildiyiniz kimi, Olimpiya Oyunları təxirə salındı. Bu yarışın təxirə salınması hər bir idmançıda ruh düşkünlüyü yaratdı. Təsəvvür edin ki, il ərzində bütün gücünlə formanı qorumağa sərf edirsən, amma son anda hər şey təxirə salınır. Pandemiyanın bitməsini və həyatımızın yenidən öz axarına düşməsini səbirsizliklə gözləyirəm. Karantindən sonra ilk edəcəyim iş ailəmi ziyarət etmək olacaq. Bildiyiniz kimi, ailəm İrandadır. Təəssüf ki,

orada koronovirusla bağlı vəziyyət heç də yaxşı deyil. Ailəm üçün narahatam. Hər gün valideynlərimlə, yaxınlarımla danışır, hallarını soruşuram. Sərhədlər açıldıqdan sonra Federasiyadan icazə alaraq ailəmin yanına gedəcəyəm.”

                                                                                                 Azər Əlizadə

Milad Beigi Herçəqani: “Karantindən sonra ilk edəcəyim iş ailəmi ziyarət etmək olacaq” Milad Beigi Herçəqani: “Karantindən sonra ilk edəcəyim iş ailəmi ziyarət etmək olacaq” Milad Beigi Herçəqani: “Karantindən sonra ilk edəcəyim iş ailəmi ziyarət etmək olacaq”