Avqustun 2-də yeni sistemli ölkə çempionatına start veriləcək

Avqustun 2-də yeni sistemli ölkə çempionatına start veriləcək


Müxtəlif məqsədlər uğrunda mübarizəyə kim necə hazırlaşıb?
Titulunu qorumağa çalışan "Neftçi”

Ötən mövsüm ardıcıl 3-cü dəfə ölkə çempionluğunu qazanan "Neftçi” klubunun hədəfləri böyükdür. Çempionumuz kimi, "ağ-qaralar” ölkəmizi UEFA Çempionalar Liqasında təmsil etdi. Baxmayaraq ki, paytaxt təmsilçisi elə ilk mərhələdəcə avrokuboklarla vidalaşdı. "Neftçilər”in mötəbər turnirdə çıxışı zəif alınsa da, onlar bu məğlubiyyəti çempionat oyunlarında unutdurmaq gücündədirlər.
Avrokubok oyunlarından sonra komandanın baş məşqçisi Böyükağa Hacıyev istefa verdi. Hazırda rəhbərlik komandaya yeni baş məşqçi axtarışlarını davam etdirir. Buyaxınlarda klubun prezidenti Sadıq Sadıqov bununla bağlı son qərarını açıqlayacaq. Fasilə dövründə komandadakı çatışmazlıqlar üzə çıxarıldı və "Neftçi” növbəti mövsümə hazırlıqlarına başladı. Bu müddət ərzində yoxlama oyununda qüvvəsini sınayan klub sıralarına yeni futbolçular da cəlb etdi. Ümumiyyətlə, yay transferi dövründə Nicat Qurbanov, Eyyub Əliyev, Karlos Kardoso, Melvin Platye, Pavel Doroşev, Vasif Əliyev və Ernest Nfor kimi futbolçular komandanın heyətinə cəlb olundu. Bununla yanaşı, komandanı tərk edənlərin sayı da az olmadı. Bunlar arasında klubun əsasını təşkil edən Nikolas Kanales, Julius Vobay, Conni Leoni, Xose Kabion, Kərim Diniyev və Kamil Nurəhmədov kimi futbolçuların adını qeyd etmək olar. Bir sözlə, paytaxt təmsilçiləri cari mövsüm qızıl medal iddiasında olan klublar arasında yer alır. Birinci turda "ağ-qaralar”ın evdə AZAL-la qarşılaşacağını nəzərə alsaq, paytaxt təmsilçilərinin ilk üç xalı əldə edə biləcəklərini əvvəlcədən proqnozlaşdırmaq olar.

Gümüş medalı qızıla
dəyişmək istəyən "Qarabağ”
Ötən mövsümü gümüş medalla başa vuran "Qarabağ” klubu yeni mövsümdə çempionluq arzusundadır. Çempionat başa çatdıqdan sonra ağdamlılar, demək olar ki, istirahət etmədi. Bu problem çempionatın oyunları zamanı özünü göstərə bilər. Amma komandanın heyətində sevindirici hallar da çoxdur. Belə ki, Qurban Qurbanov heyəti tam formalaşdırıb. Komanda bir-birini başa düşməkdə çətinlik çəkmir.
Diqqətini UEFA Avropa Liqasına yönəldən Ağdam təmsilçisi ölkəmizi turnirdə inamla təmsil edir. İlk iki mərhələni asanlıqla geridə qoyan təmsilçimiz növbəti mərhələdə İsveçin "Gefle” klubundan güclü olmağa çalışacaq. Artıq rəqiblə ilk oyun geridə qaldı. Son mövsümü gümüş medallarla başa vuran ağdamlıların, ən azı, turnirin pley-off mərhələsinə kimi irəliləyəcəyi gözlənilir.
Fasilə dövründə komandadan gedən futbolçuların sayı çox olsa da, baş məşqçi Qurban Qurbanov onların əvəzinə səviyyəli futbolçuları heyətinə qatıb. Kluba bu mövsüm transfer edilən Murad Səttarlı, Nikoloz Gelaşvili, Leroy Corc, Ulriş Kapolonqo və Jumbinyo hazırda komandanın əsas heyətinə düşmək üçün əllərindən gələni edirlər. "Qarabağ” klubunu Emeka Opara, Elnur Abdulov, Kristian Torres, Əfran İsmayılov, Zaur Həşimov, Vaqif Cavadov və Branimir Subaşiç tərk etdi.
Ağdamlılar çempionatın ilk oyunu çərçivəsində səfərdə "İnter” klubunun qonağı olacaq. Turun mərkəzi qarşılaşmasında kimin qalib gələcəyi maraqla gözlənilir.
Bu mövsüm də "Qarabağ” yenidən ölkə çempionu olmağa ən real namizəddirlər. Bunu heyətdəki təcrübəli futbolçuların çoxluğu göstərir. Lakin hazırda çempionluğa namizəd digər klubların da heyətini gücləndirməsini nəzərə alsaq, cari çempionatın maraqlı mübarizə şəraitində keçəcəyini qeyd edə bilərik.

3 mövsümdür çempionluq
arzusunda olan "İnter”
Ötən mövsüm Topaz Premyer Liqasının bürünc mükafatçısı olan "İnter” klubu bu il də titul qazanmaq üçün yarışacaq. 2012/13-cü illər mövsümündə ölkə çempionatında uğurlu çıxışı ilə yadda qalan "bankçılar” avrokuboklarda da azarkeşlərinə qələbə sevinci bəxş etdi.
Cari il ölkəmizi Avropa Liqasıında təmsil edən paytaxt təmsilçisi iki oyunun nəticəsinə görə Norveçin "Tromse” klubuna məğlub oldu (0:2, 1:0). Təmsilçimiz doğma azarkeşlər önündə qələbə qazansa da, turnirlə vaxtından əvvəl vidalaşdı. Turniri qələbə ilə tərk edən "bankçılar”ın heyətində ciddi dəyişikliklər oldu. Baş məşqçi Kaxaber Sxadadze Səlahət Ağayev, Vaqif Cavadov, Aleksandr İaşvili, Flavio Bek, İvan Benites, Mikel Alvaro, Matiya Şpiçiç, Laşa Salukvadze, Joao Paulo De Souza Dantas kimi futbolçuları heyətə qatmağa ehtiyac duydu. Komandadan isə Robertinyo, Vladimir Levin, Petar Zlatinov, Valeri Abramidze, İlia Kandelaki, Revaz Tevdoradze, Georgi Adamiya, Tales Şüts, Nizami Hacıyev, İbrahima Niasse və Leonardo Roşa ayrıldı.
Son 3 mövsümdə, "bankçılar” çempion ola bilmir. Onlar sonuncu dəfə 2009/10-cu illər mövsümündə qızıl medalları qazanıblar. Qarşısına yüksək məqsədlər qoyan "İnter” bu mövsüm də çempionluq uğrunda mübarizə aparacaq. İnanırıq ki, bu dəfə də çempionatda maraqlı idman mübarizəsini izləyəcəyik.

"Bakı”, "Xəzər Lənkəran”, "Qəbələ” və AZAL-dan nə gözləyək?
Şübhəsiz ki, ən azı, 4 komanda liderləri izləyənlər arasında olacaq. Bunlar arasında "Bakı”, "Xəzər Lənkəran”, "Qəbələ” və AZAL klublarının adlarını qeyd etmək olar. Ötən mövsüm "ilk altılıq”da 5-ci yeri tutan "Bakı” çempionata ciddi hazırlaşır. Çempionata yeni baş məşqçi ilə başlayacaq "zolaqlılar”ın çıxışı maraqla gözlənilir. Komandanın ilk turdakı rəqibi "Qəbələ” komandası da çempionata yeni baş məşqçinin rəhbərliyi altında çıxacaq.
Ötən mövsüm yalnız ölkə kubokunda uğurlu çıxış edən "Xəzər Lənkəran” isə bu mövsüm yaranmasının 10 illik yubileyini qeyd edəcək. Buna görə də, rəhbərlik futbolçuların qarşısına çempion olmaq tələbi qoyub. Bunun isə reallaşıb-reallaşmamasını mövsümün sonunda biləcəyik.
Son mövsüm ikinci "altılığ”ı lider kimi başa vuran AZAL klubundan sürpriz gözləməyə dəyər. Çünki Vaqif Sadıqovun yetirmələri həmişə öz prinsipial oyunları ilə yadda qalırlar. Bu səbəbdən də paytaxt təmsilçilərinin 2013/2014-cü illər mövsümündə də baxımlı oyun göstərəcəyini söyləmək olar.

"Simurq”, "Rəvan” və "Sumqayıt” da uğurlu çıxışa ümid edirlər
Digər komandalar kimi, "Simurq” klubu da mövsümə səylə hazırlaşmağa çalışdı. Zaqatala təmsilçisinin heyəti, demək olar ki, yenidən quruldu. Komanda 17 futbolçu ilə vidalaşdı. Gedən futbolçular arasında heyətin əsas simaları da var idi. Kluba isə 8 futbolçu dəvət olundu. Ötən mövsümü 4-cü pillədə başa vuran zaqatalalıların bu dəfə yüksək yerlər uğrunda çıxışı elə də inandırıcı deyil.
"Simurq”un ilk turdakı rəqibi "Rəvan” çempionatda qalmaq uğrunda mübarizə aparacaq. Heyətinə daha çox yerli futbolçular dəvət edən bakılıların işi elə də yaxşı deyil. Çünki komanda transfer məsələsində diqqət mərkəzinə düşmədi. Çətin ki, heyətə yeni dəvət olunan 6 gənc futbolçu komandanın güclənməsinə kömək etsin.
"Sumqayıt” klubu da çempionatda yerini qorumaq üçün mübarizə aparacaq. Heyətdə daha çox gənclərə üstünlük verən komanda çempionatın oyunlarına yeni baş məşqçi ilə çıxacaq. Sumqayıt təmsilçisi ilk oyunda doğma azarkeşlər önündə "Xəzər Lənkəran” klubu ilə qarşılaşacaq. "Gənclik şəhəri”nin təmsilçisilərinin yay fasiləsində çempionata necə hazırlaşdığı bu oyunla bəlli olacaq.
Rahib Səmədov