“Biz yenidən güləşəcəyik”​

“Biz yenidən güləşəcəyik”​

Dünya Güləş Birliyi (UWW) və “Nike Wrestling” “Biz yenidən güləşəcəyik” layihəsinə start verib.

"Olimpiyadunyasi.com"​ Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, layihənin məqsədi pandemiya dövründə zərər çəkmiş güləş təşkilatlarına maddi yardım göstərməkdir.​ Uwwstore.com​ saytında təklif olunan UWW və “Nike”ın idman geyimlərinin satışından əldə olunacaq gəlir COVİD-19 virusunun yayılmasından sonra durğunluq dövrü ilə üzləşən milli federasiyalara, yarışları təşkil edən şəhərlərə və digər fəaliyyət sahələrinə yönəldiləcək.
UWW-nin prezidenti Nenad Laloviç məsələ ilə bağlı deyib: “Bu vacib missiya üçün “Nike Wrestling” ilə əməkdaşlıq etməkdən məmnunuq. Qeyri-adi dövrdə yaşayırıq. Bu şəraitdə gələcəyimizin gücü idmançılardan tutmuş milli federasiyalara qədər – hamımızın bir araya gələ bilməsindən asılı olacaq. Unutmayaq ki, yenidən güləşəcəyik”.
Kampaniyadan əldə olunacaq gəlir beynəlxalq səviyyədə yarışmaq arzusunda olan idmançılara maddi yardım göstərəcək UWW-nin İnkişaf Şöbəsi tərəfindən idarə olunan təqaüd fonduna daxil olacaq.
“Nike Wrestling” şirkətinin prezidenti Eddi Braun bildirib ki, biz qlobal pandemiya üzündən qarşımıza çıxan maneələri başa düşürük. “Biz yenidən güləşəcəyik” layihəsi çətin dövrdə güləş ictimaiyyətinə yardım məqsədilə həyata keçiriləcək.
Kampaniya çərçivəsində satışa çıxarılan idman geyimlərinin (köynək, şalvar, üst geyimi, ayaqqabı) qiyməti 23 dollardan 120 dollaradəkdir.
Qeyd edək ki, “Nike Wrestling” 2017-ci ildən UWW-nin qlobal sponsorudur və bu müddət ərzində İnkişaf Şöbəsinin rəhbərliyi ilə dünyanın bir sıra güləş qurumlarını avadanlıqla təmin edib.