Ağdamlılara səfərdə heç-heçə də kifayətdir
Avqustun 8-də UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Qitə miqyaslı klub turnirində mübarizə aparan yeganə təmsilçimiz "Qarabağ” səfərdə İsveçin "Gefle” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Qeyd edək ki, tərəflər arasında təşkil edilən ilk oyunda ağdamlılar minimum hesablı qələbə qazanıblar. Oyuna sonradan daxil olan Reynaldo matçın son dəqiqələrində fərqlənmişdi.
Turnirə 1-ci təsnifat mərhələsindən başlayan "Qarabağ” indiyədək Makedoniyanın "Metallurq” (1:0, 1:0) və Polşanın "Piast” (2:1, 2:2) klublarını mübarizədən kənarlaşdırmışdı. Növbəti rəqib isə İsveçin "Gefle” klubu idi. Ağdamlılar rəqibi keçmək əzmindədirlər. Çünki isveçlilər yalnız "Fair Play” görə turnirdçə iştirak edirdi. Ağdam təmsilçisi ilk oyunda üzərinə düşən vəzifənin öhtəsindən gəldi.
Oyun meydan sahiblərinin hücumları ilə başladı. Təsadüfi deyil ki, meydan sahibləri bir neçə dəfə qol vurmağa yaxın oldu. Oyunun 18-ci dəqiqəsində Almeydanın əla ötürməsindən sonra Gelaşvili topu boş qapıdan keçirə bilmədi. Hücumlarını davam etdirən meydan sahibləri daha bir qol şansını əldə verdilər. Almeyda-Gelaşvili cütünün təşkil etdiyi hücumda sonuncu topu qapıçının üstünə vurdu. Bu dəqiqələrdə qonaqlar bütün komanda ilə müdafiəyə çəkilmişdilər. Bir-birilərinə yaxın oynayan rəqibin sahəsində boşluqlar yaranmırdı. Buna görə də "Qarabağ” rəqib qapısına dəqiq zərbə vura bilmirdi. Fasiləyədək təmsilçimiz yalnız uzaqdan zərbələrlə rəqib qapıçının sayıqlığını yoxlayırdı. Belə anların birində Muaremin qapıya doğru vurduğu topu qapıçı dəf etdi.

Fasilədən sonra da oyun təmsilçimizin üstünlüyü şəraitində keçdi. Meydanda tam ərazi üstünlüyünə malik olan ağdamlılar qol vurmaqda çəkinlik çəkirdi. Rəqib isə ümidlərini əks hücumlara bağlamışdı. Oyunun 59-cu dəqiqəsində sol cinahdan təşkil olunmuş hücum zamanı Aqollinin ötürdüyü topu Leroy başla qapıya vursa da, onun zərbəsində azacıq dəqiqlik çatmadı. Oyunun son 10 dəqiqəsi ərzində isveçlilər tam olaraq müdafiəyəyə fikir verməyə başladılar. Meydan sahibləri bir neçə dəfə 100 faizlik qol imkanlarını əldən verdilər. Bu dəqiqələrdə "Gefle” klubunun qapıçısı inamlı çıxışı ilə yadda qalırdı. "Qarabağ”ın növbəti hücumunda heç qapıçı da komandasına kömək edə bilmədi. Oyunun 89-cu dəqiqəsində komanda yoldaşından əla ötürmə alan Reynaldo rəqib qapıçı üçün seçim yeri qoymayaraq, stadiona toplaşmış azarkeşləri sevincə qərq etdi - 1:0. Beləliklə, təmsilçimiz səfərə minimum hesablı qələbə ilə yollandı.
Qarabağ klubu qazandığı qələbə və vurduğu qolla yeni bir rekorda imza atdı. Məhz bu qol sayəsində Ağdam təmsilçisi avrokuboklarda ən çox qol vuran klubumuz oldu. Təmsilçimiz avrokubokda 39-cu qolunu isveçlilərin qapısından keçirdi. Bu matçadək "Neftçi” ilə şərikli göstəriciyə malik olan "Qarabağ” Reynaldo Silvanın qələbə qolu ilə bakılıları geridə qoydu. Bu göstəricidə 3-cü yerdə "İnter” (21 qol), 4-cü yerdə "Bakı” (16 qol), 5-ci yerdə isə "Xəzər Lənkəran”dır (14 qol). Digər komandalarımız isə 10-dan az qol vurublar.
"Gefle” ilə Bakıdakı oyunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün yubileylərlə əlamətdar oldu. İsveç təmsilçisi ilə qarşılaşmada 41 yaşlı mütəxəssis yubiley oyununda yubiley qələbəsini qazandı.
Q.Qurbanov Ağdam təmsilçisini 25-ci dəfə avrokubok matçına çıxartdı. Bu matçlarda onun yetirmələri 14-cü qələbəni qazandılar. Daha 7 heç-heçəsi və 4 məğlubiyyəti olan komandamız avrokuboklarda 34 qol vurub və 23-nü buraxıb.
Q.Qurbanovun avrokubok karyerası təkcə "Qarabağ”la bağlı deyil. Baş məşqçiliyə "Neftçi”də başlayan təcrübəli məşqçi UEFA kubokunun 2 görüşündə də "ağ-qaralar”a rəhbərlik etmişdi. İlk qələbəsini 2007-ci ildə Avstriya "Rid”i üzərində qazanan mütəxəssis daha 14 dəfə "Qarabağ”la qalib gəlib. Bu isə o deməkdir ki, avrokuboklarda Azərbaycan klublarına ən çox qələbə qazandıran məşqçi üçün "Gefle” zəfəri 15-ci olub.
"Qarabağ” cavab qarşılaşmasına ciddi hazırlaşır. Ağdamlılar Topaz Premyer Liqasının son turunda "İnter” klubu üzərində əzmkar qələbə qazandı. Bundan sonra rəqiblə oyuna hazırlaşan Ağdam təmsilçisi səfərə ümidlərlə yollanır. Təmsilçimizə növbəti mərhələyə vəsiqə qazanmaq üçün heç-heçə də kifayətdir.
"Gefle” klubu ötən həftə ölkə çempionatında növbəti oyununu keçirib. Rəqibimiz 18-ci tur çərçivəsində səfərdə "Atvidaberq” klubu ilə qarşılaşıb. Hesabı oyunun 53-cü dəqiqəsində qonaqların heyətində Mikael Dahlberq açıb. Lakin "Gefle” üstünlüyü qoruya bilməyib və 86-cı dəqiqədə qapısında qol görüb. Oyun 1:1 hesabı ilə başa çatıb. Azərbaycan çempionatında xal hesabını 18-ə çatdıran "Qarabağ”ın rəqibi İsveç çempionatında turnir cədvəlinin 11-ci pilləsindəki yerini qoruyub.
Mütəxəssislər ilk oyunda üstünlük qazanan "Qarabağ” klubundan səfərdə də qələbə gözləyirlər. Son vaxtlar inamlı oyunu ilə Avropada diqqət mərkəzinə düşən təmsilçimizin heyətində yüksək texnikaya malik kifayət qədər futbolçu var. Cari mövsüm həmyerlilərimiz səfərdə keçirilən avrokubok oyunlarında məğlub olmayıblar. Ağdamlılar oyunlardan 1-də qələbə qazanıb (1:0), digərində isə heç-heçə edib (2:2). Ümid edirik ki, "Qarabağ” "Gefle” ilə cavab oyununda da, ən azı, heç-heçə edərək uğurlu ənənəni davam etdirəcək. Buna görə də, avqustun 8-də diqqətimiz İsveçə yönələcək, ürəyimiz isə "Qarabağ”la döyünəcək.
UEFA Avropa Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunları
8 avqust
16:30. "Jilina” (Slovakiya) - "Rieka” (Xorvatiya) (ilk oyun - 1:2)
19:00. "Dila” (Gürcüstan) - "Hayduk” (Xorvatiya) (ilk oyun - 1:0)
19:00. "Rubin” (Rusiya) - "Randers” (Danimarka) (ilk oyun - 2:1)
19:15. "Metallurq” (Donetsk, Ukrayna) - "Kukesi” (Albaniya) (ilk oyun - 0:2)
19:30. "Makkabi” (Hayfa, İsrail) - "Ventspils” (Latviya) (ilk oyun - 0:0)
20:00. "Milsami” (Moldova) - "Sent Etyenn” (Fransa) (ilk oyun - 0:3)
20:00. "Hapoel” (Ramat-Qan, İsrail) - "Eştoril” (Portuqaliya) (ilk oyun - 0:0)
20:00. "Hapoel” (Tel-Əviv, İsrail) - "Panduri” (Rumıniya) (ilk oyun - 1:1)
20:00. "Kuban” (Rusiya) - "Motervell” (Şotlandiya) (ilk oyun - 2:0)
20:00. "Lex” (Polşa) - "Jalgiris” (Litva) (ilk oyun - 1:0)
20:30. "Bursaspor” (Türkiyə) - "Voyvodina” (Serbiya) (ilk oyun - 2:2)
20:30. "Differdanj” (Lüksemburq) - "Tromse” (Norveç) (ilk oyun - 0:1)
20:30. "Sürix” (İsveçrə) - "Slovan” (Çexiya) (ilk oyun - 1:2)
20:30. "Tyun” (İsveçrə) - "Hakken” (İsveç) (ilk oyun - 2:1)
20:45. "Malmö” (İsveç) - "Suonsi” (İngiltərə) (ilk oyun - 0:4)
21:00. "Astra” (Rumıniya) - "Trençin” (Slovakiya) (ilk oyun - 3:1)
21:00. "Stromsqodset” (Norveç) - "Yablonets” (Çexiya) (ilk oyun - 1:1)
21:00. "Trabzonspor” (Türkiyə) - "Dinamo” (Minsk, Belarus) (ilk oyun - 1:0)
21:00. "Vitess” (Hollandiya) - "Petrolul” (Rumıniya) (ilk oyun - 1:1)
21:20. "Ştutqart” (Alma
niya) - "Botev” (Bolqarıstan) (ilk oyun - 1:1)
21:30. "Mladost” (Çernoqoriya) - "Sevilya” (İspaniya) (ilk oyun - 0:3)
21:30. "Rapid” (Avstriya) - "Asteras” (Yunanıstan) (ilk oyun - 1:1)
21:30. "Srvena Zvezda” (Serbiya) - "Çernomorets” (Ukrayna) (ilk oyun - 1:3)
21:30. "Standard” (Belçika) - "Ksanti” (Yunanıstan) (ilk oyun - 2:1)
21:45. "Brügge” (Belçika) - "Şlensk” (Polşa) (ilk oyun - 0:1)
21:45. "Sent-Conston” (Şotlandiya) - "Minsk” (Belarus) (ilk oyun - 1:0)
21:45. "Udineze” (İtaliya) - "Şiroki Briyeq” (Bosniya və Herseqovina) (ilk oyun - 3:1)
22:00. "Breydablik” (İslandiya) - "Aktobe” (Qazaxıstan) (ilk oyun - 0:1)