FİFA referisi Anar Salmanov Norveçin Tromse şəhərində Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində oyun idarə edib. A.Salmanov bundan əvvəlki mərhələdə "İnter”i avrokuboklardan kənarlaşdıran "Tromse”nin "Differdanj” ilə görüşündə baş hakim olub.Ədalət təmsilçimiz bu görüşdə futbolçulara 3 sarı vərəqə göstərib. Bunlardan 1-i meydan sahiblərinin, digər 2-si isə lüksemburqluların "payına düşüb”. O, 63 və 65-ci dəqiqələrdə əlini cibinə atıb. Əvvəlcə fransız Qotye Karonu cəzalandıran Anar Salmanov eyni cəzanı "Tromse”nin müdafiəçisi Adnan Çauşeviçə qarşı da tətbiq edib. Referi görüşün əsas vaxtının başa çatmasına 9 dəqiqə qalmış Tom Zibenaleri cəzalandırıb.
Qeyd edək ki, bu görüş "Tromse”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu oyunun 76-cı dəqiqəsində Robert Ondraşek vurub. Maraqlıdır ki, çexiyalı hücumçu "İnter”in də qapısına Norveçdə yol tapmışdı.