AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantıda Azərbaycan milli komandasının futbolçuları Rasim Ramaldanovla Aqil Nəbiyev cəzalandırılıb.Topaz Premyer Liqasının XIX turunda "Turan”la oyun zamanı "Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.AZAL-la matçın 62-ci dəqiqəsində "Simurq”un futbolçusu Rasim Ramaldanov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna görə R. Ramaldanov 1 oyunluq cəzalandırılıb, klubu isə 200 manat dəyərində cərimələnib. Digər tərəfdən, "Simurq” İntizam Komitəsinə müraciət edərək ötən il dekabrın 20-də "Rəvan”la matç zamanı öz futbolçularına göstərilmiş sarı vərəqələrin ləğvini xahiş edib. Lakin İntizam Kodeksinə uyğun olaraq "Simurq”un müraciəti əsassız sayılıb. "Qəbələ” ilə matçın 30 və 54-cü dəqiqələrində "Qarabağ” azarkeşləri pirotexniki vasitələrdən yararlanıblar. Bu səbəbdən, Ağdam klubu 1000 manat ziyana düşüb.
"Sumqayıt”la oyunun 59-cu dəqiqəsində "Bakı”nın müdafiəçisi Aqil Nəbiyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün o, 1 oyunluq cəzaya, klubu isə 200 manat cəriməyə məruz qalıb. "Xəzər Lənkəran”la matçda "İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılıb. Bu, paytaxt klubuna 1000 manat cəriməyə başa gəlib. Matçın 88-ci dəqiqəsində "Xəzər Lənkəran”ın azarkeşləri meydançaya kənar əşya atdıqları üçün bu klub 2000 manat cərimələnib.