Topaz Premyer Liqasının qış fasiləsinə yekun vuruldu. Fasiləyə lider kimi yollanan "İnter” növbəti matçını keçirdi. "Bankçılar” çempionatın növbəti turundə səfərdə "Xəzər Lənkəran” klubunu minimum hesabla məğlub etdi (2:3). Buyaxınlarda "İnter” Peşəkar İdman Klubunun (PİK) prezidenti Georgi Nikolov "Olimpiya dünyası” qəzetinə müsahibə verdi. Mövsümün birinci hissəsi barədə fikirlərini bildirən bolqarıstanlı mütəxəssis komandanın transfer məsələləri ilə yanaşı, digər məqamlara da aydınlıq gətirdi.
- "İnter” klubunun qış çempionu kimi başa vurduğu Topaz Premyer Liqasının geridə qalan hissəsi ilə bağlı nə deyə bilərsiniz?
- Komanda liderdirsə, bu, o deməkdir ki, uğurla çıxış edir. Lakin bizim üçün ən arzu olunan klubumuzun, mövsümün yekunlarına görə, qızıl medal qazanmasıdır. Ümid edirəm ki, turnir cədvəlində birinci yeri qoruyub saxlamaq bizə müəssər olacaq. "İnter” yüksək nəticə ilə müşayiət olunan kifayət qədər yaxşı oyun nümayiş etdirir. Çıxışımız məni sevindirir. İnanıram ki, futbolçular bu tempi saxlamağı və mövsümü birinci yerdə başa vurmağı bacaracaqlar.
- Buyaxınlarda "İnter” hücumçu Yuri Fomenko ilə müqavilə imzaladı. Qış transfer pəncərəsi isə hələ davam edir. Maraqlıdır, baş məşqçi Kaxaber Sxadadze hansısa yeni futbolçuların alınması ilə bağlı sizə müraciət edibmi?
- Yuri Fomenko ilə hələ ötən il maraqlanırdıq. Lakin həmin vaxt bu transferi gerçəkləşdirə bilmədik. Şadam ki, indi bu futbolçu bizim komandanın heyətindədir. Fomenko diqqətəlayiq futbolçudur. Düşünürəm ki, yeni hücumçu bizə lazımi səviyyədə kömək edəcək. Yeni transferlərə gəldikdə, onu deyə bilərəm ki, bu məsələ barədə məşqçi heyəti ilə müzakirələr aparmışıq. Biz daha çox hücumçularla maraqlanırıq. Hələlik konkret ad çəkə bilmərəm. Lakin bununla yanaşı, deyə bilərəm ki, transfer siyahısında müxtəlif ölkələrdən bir neçə tanınmış futbolçuların adları var.
- Çempionata qayıdaq. Cari mövsüm Topaz Premyer Liqasında mübarizə daha maraqlı keçir: çempionat daha sıx və rəqabət qabiliyyətli olub. Sizin fikrinizcə, bu, yerli çempionatın inkişaf etməsindən xəbər verir, yoxsa siz bunu hansısa başqa faktorlarla əlaqələndirirsiniz?
- Düşünmürəm ki, biz tənəzzülə uğrayırıq. Dediyiniz kimi, çempionat maraqlı olub. Ancaq bu marağı, mən daha çox komandaların bu və ya digər matçlara yanaşmaları ilə əlaqələndirirəm. Bir çox klublar bir-birilərindən xal almağı bacara bilir. Mənim fikrimcə, arzu edilən inkişafa nail olmaq üçün hələ çox işləmək lazımdır.
- Yəqin, ona görə belə düşünürsünüz ki, çempionatın "altılıq” sistemi ilə keçirilməsinin tərəfdarı deyilsiniz...
- Bəli, bir çoxları artıq bilirlər ki, mən "altılıq” sisteminin əsas əlehdarlarından biriyəm. Dəfələrlə demişəm ki, bu qayda idman mübarizəsinin prinsiplərinə ziddir. Nə qədər ki, "İnter”in prezidenti vəzifəsindəyəm, çempionatın bu formada keçirilməsinə qarşı olacağam. Mən anlayıram ki, PFL-in futbolun inkişafına, futbolun inkişaf sisteminə dair öz baxışları var və bizim fikirlərimiz 100 faiz üst-üstə düşə bilməz. Bununla belə, çempionatın bu sistem üzrə aparılmasının doğru olmağını həmişə qeyd edəcəyəm.
- 2012-ci ilin dekabr ayının sonunda AFFA-da yerli futbol federasiyalarının, PFL-in və Topaz Premyer Liqası klublarının rəhbərlərinin birgə görüşü keçirilmişdi. Görüşdə bir sıra vacib məsələlər müzakirə olunmuşdu...
- Həmin görüşün keçirilməsindən bir aydan çox vaxt ötür və etiraf edim ki, iclasda müzakirə olunan bir neçə məsələni xatırlamıram. Biz həmin görüşdə Tovuz və Gəncədə yerləşən stadionların hazırki vəziyyətini müzakirə etdik. AFFA rəhbərliyi klublara təklif etdi ki, bu iki şəhərdən olan klubların maddi vəziyyətlərinin yaxşılaşdırılmasına öz töhfəsini versin. Nəticədə, qalan klublar uşaq futbol məktəblərinin inkişafına görə alacaqları vəsaitdən imtina etdilər. Həmin vəsaitlər Tovuz və Gəncə stadiounlarında infrastrukturun yaxşılaşdırılmasına yönəldiləcək. Görüşdə "altılıq” formatı barədə də söhbətlər aparıldı. Lakin sistemin dəyişdirilməsi ilə bağlı səsləndirilən təkliflər həvəslə qarşılanmadı. Topaz Premyer Liqasının keçirilməsinin bu variantı, çox güman ki, yerində qalacaq.
- Təsəvvür edək ki, "altılıq” sistemindən imtina olundu. Bu halda, sizin fikrinizcə, çempionatı necə keçirmək lazımdır?
- Mən, elitada 4 dövrə ərzində öz aralarında görüşlər keçirəcək 12 komanda saxlayardım. Bəli, bir çoxları etiraz edə bilərlər ki, bu, həddən artıq çoxdur. Lakin, gəlin baxaq, Avropada hansı çempionatlar ən güclüdür? Hansı çempionatda müddət uzundur, məhz orada. Yəni İngiltərədə, İspaniyada, Almaniyada və İtaliyada. İngiltərədə dekabrın 31-də Yeni ili qeyd edirlər, növbəti gün isə çempionat başlayır. Oyunlar nə qədər çox olarsa, futbolçuların Avropa futboluna uyğunlaşmaq üçün şansları da bir o qədər çox olacaq. Məncə, "çərşənbə-şənbə” və "çərşənbə-bazar” sistemilə oynamaq daha maraqlı olardı. Bir də ki, belə sistem həm azarkeşlərin, həm də futbolçuların müasir futbol yükləmələrinə uyğunlaşmalarına kömək edəcək. Fasilə nə qədər az olarsa, insanların futbola marağı bir o qədər artar. Nəzər yetirin, bizdə nə baş verir: təqribən iki ay davam etmiş fasilə insanların çempionata marağını "öldürür”, bir çoxları mövsümün birinci hissəsində nə baş verdiyini unudurlar. Fevralda isə klublar yenidən bu marağı oyatmağa başlayırlar.
- Son zamanlar xarici klubların azərbaycanlı futbolçulara diqqəti artır. Məsələn, Polşanın eyni anda iki klubu "İnter”in yarımmüdafiəçisi Nizami Hacıyevlə maraqlandılar. Lakin yekunda transfer alınmadı. Bilmək istərdik, Polşa klubu niyə görə bu futbolçunun keçidi üçün pul ödəməkdən imtina etdi?
- Bu məsələni xatırlayaraq deyə bilərəm ki, Nizami ilə Polşanın iki klubu - "Poqon” və "Korona” maraqlanmışdı. Lakin bununla yanaşı, onlar anlaşılmayan hərəkət etdilər. Nizami Hacıyevin "İnter”lə qüvvədə olan müqaviləsi var və bu futbolçu əsas heyətin üzvüdür. O, Azərbaycan millisinə dəvət edilir. Polşa komandaları isə, Nizami Hacıyevi onlara "hədiyyə” etməyimizi istəyirdilər. Polşa komandalarından bu və ya digər futbolçuların bizə hədiyyə etmələrini xahiş etdiyimiz zaman həmin klub prezidentlərinin reaksiyalarına baxmaq istəyərdim. Bazar münasibətləri dövründə belə danışıqlara yer yoxdur.
- "İnter” klubunun avrokuboklara vəsiqə qazanacağı təqdirdə, bu turnir çərçivəsində ev oyunlarının "Şəfa” stadionunda keçiriləcəyi məsələsi qaldırılacaq. Stadion sertifikat aldı və bunun sayəsində oyunları orada keçirmək mümkün olacaq. Ancaq hazırda stadionun qarşısında şəhərin eyni anda bir neçə prospektini birləşdirəcək avtomobil yolunun tikintisi gedir...
- Ümid edirəm ki, yaya qədər bu yolun tikintisi ilə bağlı hansısa nəticə olacaq. Əlbəttə, bu barədə danışmaq hələ tezdir. Axı biz hələ avrokuboklarda iştirakımıza zəmanət altına almamışıq. Ancaq avrokuboklara düşəcəyimiz halda, oyunlarımızı doğma arenada keçirmək istərdik. Son variant kimi, oyunları digər stadionlarda da keçirə bilərik. Allaha şükür, Bakıda avrokubok oyunlarını təşkil etmək üçün bir çox arena var: "Bakcell Arena”, "Dalğa Arena”, Tofiq Bəhramov adına Respublika stadionu və s.
- Yeni yol "Şəfa”nın fəaliyyətinə mane olmayacaq ki? Tamaşaçılar stadiona rahat gələ biləcəklərmi?
- Bu, çox yaxşı sualdır. Biz artıq bir neçə gündür ki, heç də xoşagəlməyən fakt üzərində "vuruşuruq”. Bu nəqliyyat qovşağının tikintisi artıq elə bir mərhələyə çatır ki, texnoloji qərarlar qəbul etmək lazım gələcək. Yolun layihəsi artıq üçüncü dəfədir ki, dəyişdirilir. Hazırda bizi çox əlverişsiz vəziyyətlə üz-üzə qoyan layihə həyata keçirilir. İnşaatçılar qərara gəliblər ki, yolun üzərində heç bir örtülü dayanacaq yeri olmasın, burada, sadəcə, yeraltı avtomobil dayanacağı yaradılsın. Bu layihə, idman kompleksi kimi, "Şəfa” stadionunun gələcəyini sual altına alır. Stadion boyunca yolun üstü tam bağlanmalıdır. Yalnız bu halda yeni infrastruktur ən optimal olacaq və arenanın fəaliyyətinə mane olmayacaq.