UEFA Çempionlar liqasının və UEFA Avropa liqasının pley-off mərhələsi üçün püşkatmalar cümə günü, avqustun 9-da Nyonda UEFA-nın iqamətgahında keçiriləcək və müvafiq olaraq Bakı vaxtı ilə saat 14:45-də və saat 16-da başlanacaq.
Püşkatmanı UEFA-nın baş katibi Canni İnfantino və UEFA-nın yarışlar üzrə direktoru Corcio Marketti həyata keçirəcəklər. Çempionların yolu ilə gedən on komanda UEFA-nın klub reytinqindəki əmsallara uyğun olaraq bərabər sayda seçmə və qeyri-seçmə komandalara bölünəcəklər. Liqaların nümayəndələrinin yolu ilə gedən on komanda da mövsümün əvvəlinə reytinqdəki vəziyyətinə uyğun olaraq bu qaydada bölünəcək.
Hər iki halda adı səbətdən birincilər sırasında çıxan komandalar ilk oyunlara öz meydançalarında başlayacaqlar.
Avropa liqasında 62 komanda hər biri on klubdan ibarət beş və on iki klublu bir qrupa bölünəcək. Hər bir qrupda bərabər sayda seçmə və qeyri-seçmə komandalar olacaqdır. Eyni milli assosiasiyadan olan klublar bir-biri ilə oynaya bilməzlər.
Qeyd edək ki, çempionlar liqasının püşkatmasında olduğu kimi, adları səbətdən birinci çıxacaq komandalar oyunlara öz meydançalarından başlayacaqlar.
Maraqlıdır ki, Ağdamın "Qarabağ” komandası İsveç maneəsini keçə bilsə, yəni "Gefle”yə qalib gəlsə, Avropa liqasının pley-off mərhələsinə çıxa biləcək. Xatırladaq ki, Bakıda keçirilmiş ilk oyunda futbolçularımız rəqibə 1:0 hesabı ilə qalib gəliblər.