Yığmamız 2 pillə irəlilədi

Yığmamız 2 pillə irəlilədi

FİFA milli komandaların avqust ayı üçün növbəti reytinq cədvəlini açıqlayıb. 2013-cü ildə açıqlanan səkkizinci cədvələ əsasən turnir cədvəlinin ilk 12 pilləsində dəyişiklik olmayıb.
Turnir cədvəlinə son dünya və Avropa çempionu İspaniya yığması başçılıq edir. İspanların aktivində 1482 xal var. 2-ci pillədə 4 dəfə dünya çempionu olan Almaniya yığması qərarlaşıb. Almanlar liderdən nə az, nə də çox, düz 227 xal geri qalmaqla bu pillədədirlər (1257 xal). İlk "üçlüy”ü Kolumbiya millisi qapayır. Kolumbiyalıların aktivində 1219 xal var.

İlk "onluq”da Argentina (1210 xal), Hollandiya (1165 xal), İtaliya (1142 xal), Portuqaliya (1099 xal), Xorvatiya (1098 xal), Braziliya (1089 xal) və Belçika (1079 xal) komandaları yer alıblar.
Azərbaycan milli komandası ötən reytinqlə müqayisədə, 2 pillə irəliləyərək, 115-ci pillədə qərarlaşıb. Hazırda Berti Foqtsun yetirmələrinin aktivində 298 xal var. Qeyd edək ki, milli komandamız ötən ay heç bir oyun keçirməyib. Maraqlı məqamdır ki, milli komandamız son aylarda reytinqdə irəliləyir. Belə ki, iyunda 2 pillə irəliləyərək 118-ci olan yığma iyulda 1 pillə də qalxaraq dünyanın 117-ci komandası adına sahib çıxmışdı. Yığmamız UEFA-nın reytinq cədvəlində isə 43-cü yerdədir.
DÇ-2014-ün seçmə mərhələsində yığma komandamızın da yer aldığı F qrupunun favoriti - Portuqaliya millisi, bayaq dediyimiz kimi, mövqeyini qoruyub. Priney təmsilçisi 1099 xalla 7-ci yerdədir. Rusiya yığması reytinqdə irəliləyənlər siyahısındadır. Qonşu ölkə təmsilçisi 1 pillə irəliləyərək, 979 xalla 16-cı yerdə qərarlaşıb.
Digər rəqibimiz İsrail yığması da 1 pillə irəliləməsi ilə diqqət çəkib. İsraillilər 540 xalla 63-cü yerdədirlər. Şimali İrlandiya yığması, ötən ay olduğu kimi, irəliləyənlər sırasındadır. Böyük Britaniya təmsilçisi 2 pillə irəliləyərək, 307 xalla 109-cu yerdədir. Lüksemburq da irəliləməkdə davam edir - 1 pillə irəliləyiş. Buna baxmayaraq, "cırtdanlar” qrupun reytinqdəki autsayderidir. Ötən ayla müqayisədə 1 pillə. Lüksemburq 210 xalla siyahıda 140-cı olub. Türkiyə millisi reytinq siyahısında geriləyənlər siyahısındadır. Qardaş ölkənin təmsilçisi 1 pillə geriləyərək, 573 xalla 58-ci yerdə qərarlaşıb. Millimizin avqustun 14-də Bakıda yoldaşlıq görüşü keçirəcəyi Malta yığması da 1 pillə geriləyib. 236 xalı olan maltalılar 134-cü pillədədirlər.
Qeyd edək ki, növbəti reytinq cədvəli sentyabrın 12-də açıqlanacaq.

1 (1). İspaniya 1484
2 (2). Almaniya 1257
3 (3). Kolumbiya 1219
4 (4). Argentina 1210
5 (5). Hollandiya 1165
6 (6). İtaliya 1142
7 (7). Portuqaliya 1099
8 (8). Xorvatiya 1098
9 (9). Braziliya 1089
10 (10). Belçika 1079
11 (11). Yunanıstan 1038
12 (12). Uruqvay 998
13 (14). Bosniya və Hers. 995
14 (15). İngiltərə 994
15 (16). İsveçrə 987
16 (17). Rusiya 979
17 (18). Ekvador 972
18 (13). Kot-D İvuar 962
19 (22). ABŞ 960
20 (20). Meksika 879
...63 (64). İsrail 540
...109 (111). Şimali İrlandiya 307
...115 (117). AZƏRBAYCAN 298
...140 (141). Lüksemburq 210