Ötən həftə UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçirilib. Bu turnirdə mübarizə aparan yeganə təmsilçimiz "Qarabağ” növbəti oyununa çıxıb. Ağdamlılar səfərdə İsveçin "Gefle” klubu ilə münasibətlərinə aydındıq gətiriblər. Maraqlı mübarizə şəraitində davam edən oyun təmsilçimizin üstünlüyü şəraitində keçib. Oyun Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qələbə sayəsində təmsilçimiz avrokubokda yoluna inamla davam edir.
UEFA Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
"Gefle” (İsveç) - "Qarabağ” (Azərbaycan)- 0:2 (0:1)
Qollar: Jumbinyo, 41, Reynaldo da Silva, 50.
Gefle: 1. Mattias Huqosson (k), 3. Conas Olson, 4. Andres Vikström, 14. Jens Portin, 16. David Fallman, 7. Aleksandr Faltsetas, 8. Saymon Lundevall, 19. Markus Hanson,
9. Yohan Oremo, 10. Yakob Orlov, 15. Mikael Dahlberq.
Qarabağ: 89. Miro Varvodiç,
2. Qara Qarayev, 5. Maksim Medvedyev, 14. Rəşad Sadıqov (k), 24. Admir Teli, 25. Ansi Aqolli, 7. Namiq Yusifov, 9. Reynaldo Silva, 16. Corc Leroy, 70. Jumbinyo, 88. Uilrix Kapolonqo.
Baş hakim: Stefan Klossner (İsveçrə).
8 avqust. Sundsvall. "Norrporten Arena” stadionu.
İlk oyun - 0:1
Əvvəlcə Jumbinyo...
Tərəflər arasında keçirilən ilk oyunda "Qarabağ” klubu qələbə qazanmışdı. Ağdamlılar çoxsaylı qol vəziyyətlərindən istifadə edə bilməsələr də, matçın son dəqiqəsində qələbə qolunu vura bilmişdilər. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün təmsilçimizə istənilən heç-heçə də kifayət edirdi. Bir qədər irəli gedib bildirək ki, həmyerlilərimiz nəinki lazım olan nəticəni qazanıb, hətta İsveçi qələbə ilə tərk edib.
Matç "Qarabağ”ın üstünlüyü şəraitində başlayıb. Bunun nəticəsi olaraq, ilk hücum təmsilçimizdən gəlib. Kapolonqonun zərbəsində dəqiqlik çatmayıb. Az sonra Jumbinyo diqqət mərkəzinə düşüb. Braziliyalı futbolçunun uzaqdan vurduğu topda azacıq dəqiqlik çatmayıb. Hücumlarını davam etdirən təmsilçimiz dah bir qol imkanını əldən verib. Oyunun 21-ci dəqiqəsində Ansi Aqollinin vurduğu topu rəqib qapıçı Mattias Huqosson çətinliklə dəf edib. Buna baxmayaraq, ağdamlılar meydan sahiblərini topsuz oynamağa məcbur ediblər. İsveçlilər də imkan düşdükcə hücuma keçiblər. Belə vəziyyətlərin birində qapıçımız Varvodiç çətinliklə topu qapıdan çıxardıb. İlk hissənin sonları yaxınlaşdıqca Ağdam təmsilçisi hücumlarının sayını artırıb. Bunun nəticəsində futbolçularımız istəklərinə çatıblar. Oyunun 41-ci dəqiqəsində sağ cinahdan təşkil olunmuş hücum zamanı komanda yoldaşından ötürmə alan Jumbinyo başla qapını dəqiq nişan alaraq, meydana toplaşmış qonaq azarkeşləri sevincə qərq edib - 0:1. Qoldan sonra isveçlilər hücuma keçsələr də, qapıçı Varvodiç yenə keçilməz olub. Təmsilçimiz fasiləyə minimum hesablı üstünlüklə yollanıb. Rəqib komanda növbəti mərhələyə adlamaq üçün 3 top vurmalı idi. Bu isə heç inandırıcı deyildi.
...sonra isə Reynaldo isveçlilərin
arzularını ürəyində qoydu
İkinci hissəyə də "Qarabağ” üstünlüklə başlayıb. Bir neçə qol imkanını əldən verən təmsilçimiz 2-ci qolu vurmağa müvəffəq olub. Oyunun 50-ci dəqiqəsində Reynaldo 3 müdafiəçini geridə qoyaraq rəqib qapıçıya da seçim yeri noymayıb - 0:2. Bu qoldan sonra komandamızın növbəti mərhələyə keçəcəyinə inanan azarkeşlərin sayı artıb. Qoldan sonra "Gefle” klubu hücumlara atılıb. Amma artıq meydan sahiblərinin ümidləri bitmək üzrə idi. "Ümid sonda ölür” fikri ilə irəli atılan İsveç təmsilçisi hesabı minimuma endirə bilərdi. Dahlberqin qapıya vurduğu topu qapıçımız çətinliklə dəf edib. "Qarabağ” bunun cavabını qolla verə bilərdi. Lakin Reynaldo rəqib qapıçı ilə təkbətək qalsa da, çərçivəni dəqiq nişan ala bilməyib. Az sonra Gelaşvili hesabı artırmaq üçün əla imkan qazanıb. Gürcüstanlı hücumçu rəqib qapıçını keçsə də, topu qapı xəttindən keçirməyi bacarmayıb. Matçın sonlarında ağdamlılar qələbə hesabını qorumaq üçün müdafiəyə çəkiliblər. Bundan istifadə edən isveçlilər qol vurmağa yaxın olublar. Lakin futbolçularımız topu boş qapıdan çıxardaraq, qola imkan verməyiblər.
Beləliklə, iki oyunun nəticəsinə görə, "Gefle”ni 3:0 hesabı ilə məğlub edən "Qarabağ” pley-off mərhələsinə vəsiqə qazanıb.
3-cü dəfə pley-offda
"Qarabağ” son 5 ildə 3-cü dəfə UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəlib. 2009/10-cu illər mövsümündə digər Skandinaviya təmsilçisi Finlandiya "Honka”sını keçən Qurban Qurbanovun yetirmələri pley-offda Hollandiya "Tvente”sinə uduzmuşdu - 1:3, 0:0. Növbəti il Polşanın "Visla” klubunu keçən "Qarabağ” Almaniya "Borussiya”sına (Dortmund) uduzmuşdu - 0:4, 0:1. 2010-cu ildəki uğurunu 3 ildən sonra təkrarlayan təmsilçimiz III mərhələni 3-cü dəfə keçib.
Yeri gəlmişkən, ağdamlılar turnirin III təsnifat mərhələsini 2 qələbə ilə keçib. Ağdam təmsilçisi qitə kuboklarında tarixində 5-ci dəfə eyni rəqibi 2 dəfə məğlub etməyi bacarıb. Son 5 mövsümdə qitə arenasına çıxdığı hər dəfə belə bir uğur əldə olunmuşdu. Bu mərhələdə isə ikinci dəfə rəqib qələbəyə həsrət qalıb. Əvvəllər "Honka”, "Visla”, "Banqa” və "Metallurq”u xalsız qoyan təmsilçimiz bu dəfə İsveç "Gefle”sini 2 dəfə məğlub edib.
Yubiley oyununda yubiley qolu
"Gefle” ilə İsveçdəki oyunu "Qarabağ” üçün 2 yubileylə əlamətdar olub. Təmsilçimiz avrokuboklarda 40-cı oyununu keçirib və 40-cı qolunu da vurub.
İlk matçını 1996-cı il avqustun 8-də Bakıda Finlandiya "MüPA”sına qarşı keçirən "Qarabağ” 17 il sonra elə həmin gündə digər Skandinaviya klubu ilə səfərdə 40-cı matçına çıxıb.
40 matçdan 4-nü Kuboklar kuboku, 4-nü İntertoto kubokunda keçirən "Qarabağ” əvvəllər UEFA kuboku adlanan Avropa Liqasında
32-ci qarşılaşmasını keçirib. Ağdam klubu avrokuboklardakı oyun sayında Azərbaycanda yalnız "Neftçi”dən geri qalır. Bakılılar avrokuboklarda 44 oyuna çıxıb.
Bu matçadək 39 qolu olan "Qarabağ”ın ilk qolunun müəllifi olan Jumbinyo avrokuboklarda yubiley topuna imza atıb. Bu göstəriciyə özünün 4-cü qolu ilə töhvə verən Reynaldo isə ümumi rəqəmi 41-ə çatdırıb.
Ağdamlılar ilk qolunu da Skandinaviyada vurub. 1996-cı il avqustun 22-də "MüPA” ilə cavab oyununda Bəxtiyar Musayev avrokuboklarda komandasının ilk topuna imza atmışdı.
Bu qələbə ilə qalibiyyət və məğlubiyyət arasındakı tarazlıq müsbət tərəfə dəyişdi. 40 oyunda 16 qələbəsi olan ağdamlılar 9 heç-heçə edib və 15 dəfə uduzublar. Topların fərqində isə balans hələlik mənfidir - 41-61.
Qeyd edək ki, Azərbaycan futbolu tarixində 26-cı dəfə klubumuz avrokuboklarda mərhələ adlayıb. Bu uğurun memarı, təbii ki, "Qarabağ” klubudur. Bununla da, ağdamlılar komanda tarixində 11-ci, mövsümdə 3-cü dəfə mərhələ keçiblər. Ağdamlılar 2010/11-ci illər mövsümündə 3 mərhələ keçən ilk Azərbaycan klubu olmuşdu və indi həmin uğuru təkrarlaya bilib.
Avropada mərhələ keçən 7 Azərbaycan klubu arasında mütləq rekordun müəllifi olan "Qarabağ” bütün uğurlarımızın böyük hissəsinin sahibidir. "Qarabağ” 2 ən yaxın izləyicisi - "Neftçi” ilə "İnter”in birlikdə qazandıqlarından artığını təkbaşına əldə edib.
Qələbə ağdamlıları UEFA reytinqində irəli apardı
UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb. 454 klubun yer aldığı siyahıda yeddi Azərbaycan komandası var. Klublarımızdan "Qarabağ” öndə gedir. Avroliqada son uğurlu çıxışlardan sonra Ağdam təmsilçisi 190-cı pilləyə yüksələrək "Neftçi”ni geridə qoyub. "Neftçi” isə 199-cu pillədə qərarlaşıb. "İnter” və "Bakı” 278-ci yerdədir. "Xəzər Lənkəran” 301-ci, AZAL və "Simurq” isə 374-cü pillədə yer alıblar.
Görünməmiş nailiyyət
"Qarabağ” avrokuboklarda görünməmiş rekorda imza atıb. Ağdam təmsilçisi cari mövsümdə 5-ci qələbəsini qazanıb. Bu isə avrokuboklar tarixində Azərbaycan klubları üçün görünməmiş rekorddur.
İndiyədək də rekord "Qarabağ”a məxsus idi. 2010/11-ci illər mövsümündə 4 qələbə qazanan, cari mövsüm bu rekordu təkrarlayan Qurban Qurbanovun yetirmələri Avropa Liqasının III təsnifat mərhələsinin "Gefle” ilə İsveçdəki oyununda qalib gələrək qələbələrinin sayını 5-ə çatdırıb. Ağdamlılar Makedoniya "Metallurq”unu (iki dəfə 1:0) və "Gefle”ni (1:0 və 2:0) iki dəfə, Polşa "Pyast”ını (2:1) bir dəfə məğlub etməklə 5-ci qələbəsini qazanıb.
Azərbaycan klublarının avrokuboklar tarixində görünməmiş ümumi uğuru isə davam edir. İsveçlilərlə ilk oyunda 7-ci qələbəni qazanmaqla mütləq rekorda töhfə verən ağdamlılar bu rəqəmi 8-ə çatdırıblar.
Rahib Səmədov