12 illik fasilədən sonra yenidən böyük futbola qayıdan "Araz” klubu ilk dəfə azarkeşlərinin qarşısına çıxıb. Muxtar respublika təmsilçiləri yoldaşlıq görüşünü Şərur Olimpiya İdman Kompleksinin stadionunda keçirib. "Qırmızı-ağlar”ın rəqibi isə Naxçıvan Dövlət Universitetinin eyni adlı komandası olub. Birinci diviziona iddialı hazırlaşan Əsgər Abdullayevin yetirmələri bu oyunda 6:0 hesablı ilə qələbə qazanıblar. Komandanın yeganə gürcü legioneri David Canalidze ilə hesabı açan Naxçıvan klubu, daha sonra Rəhman Musayev və Emin İmaməliyevin qolları sayəsində hesab arasındakı fərqi artırıb. Hər iki təcrübəli futbolçu bu matçda debüt edib. Ötən mövsüm premyer-liqada "Rəvan”ın şərəfini qoruyan Mikayıl Rəhimov yeni komandasında da qol vurmağa müvəffəq olub. Qeyd edək ki, "Araz” növbəti yoxlama oyununu bu gün "Neftçala”ya qarşı keçirəcək. Görüş İbrahimxəlil Axundlu adına Naxçıvan şəhər stadionunda olacaq.
Məlumat üçün bildirək ki, Əsgər Abdullayevin yetirmələri bu dəfə hazırlıqlarını Şərur Olimpiya İdman Kompleksində yox, matçın oynanılacağı İbrahimxəlil Axundlu adına şəhər stadionunda keçirir. Bir müddət əvvəl təmirə bağlanan stadionda artıq son tamamlama işləri gedir.