“İnter” turnirə yollanır

“İnter” turnirə yollanır

"İnter”in U-12 futbol komandası "The children champion cup Lukoil” çempionatında iştirak edəcək. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovdan aldığımız məlumata görə, bu il ilk dəfə həmin turnirə Azərbaycan təmsilçisi qatılacaq. Bunun üçün baş məşqçi Vaqif Hidayətovun komandası avqustun 12-də 16 futbolçu ilə turnirə yollanacaq. Həmin axşam isə turnirin püşkatma mərasimi təşkil olunacaq və 6 klub 2 qrupa bölünəcək. Yarış ayın 13-dən 16-na kimi davam edəcək.
Qeyd edək ki, "İnter” klubundan başqa, Antalyadakı təsnifat turnirində Türkiyənin "Qalatasaray” və "Antalyaspor”, Bolqarıstanın "Slaviya”, Makedoniyanın "Vardar” və Gürcüstanın "Dinamo” (Tbilisi) komandaları mübarizə aparacaqlar.
Turnirin final mərhələsinə Antalyadakı yarışın bir qalibi yollanacaq. Türkiyədəki turnirdə öz qruplarında 2-ci və 3-cü yeri tutmuş komandalar isə təsəlliedici yerlər uğrunda mübarizə aparacaqlar.
Antalyadakı yarışın rəsmi şəxsi tanınmış türkiyəli futbolçu Rüştü Rəncbər olacaq.
Xatırladaq ki, "The children champion cup Lukoil” çempionatı 2002-ci ildən etibarən keçirilir.