“Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində növbəti görüş

“Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində növbəti görüş

“Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində növbəti onlayn görüş keçirilib. Tədbirdə XXXI Yay Olimpiadasının bürünc mükafatçısı, üçqat Avropa çempionu, dünya çempionatlarının ikiqat gümüş, Avropa Oyunlarının bürünc medalçısı, “Tərəqqi” medalı ilə təltif edilmiş güləşçi Cəbrayıl Həsənovun idman ictimaiyyətinin nümayəndələri, gənclər və könüllülərlə görüşü olub.
Dünya şöhrətli idmançı onlayn görüşdə güləşin çətinlikləri, çempionatlarda üzləşdiyi problemlər, onların həll yolları, eləcə də qazandığı nailiyyətlər və qarşıdakı hədəflərdən bəhs edib. O, rəqiblərinin hazırlığı və onların yığmamızla müqayisəsinə də toxunub.
Daha sonra gənclərin suallarını cavablandıran C.Həsənov onlara tövsiyələrini verib.
Qeyd edək ki, C.Həsənov 2016-cı ildə XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətinə və Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Onlayn görüş “Könüllülər ili” çərçivəsində Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası, “Azərbaycan İdman Könüllüləri” və “Azərbaycan İdmançıları” İctimai birliklərinin təşkilatçılığı ilə reallaşdırılıb.