Namiq Abdullayev: “Olimpiya çempionu kimi yeni uğurlar qazanmağa çalışacağam”

Namiq Abdullayev: “Olimpiya çempionu kimi yeni uğurlar qazanmağa çalışacağam”

Xəbər verdiyimiz kimi, Olimpiya çempionu Namiq Abdullayev sərbəst güləş üzrə millimizə yeni baş məşqçi təyin olunub. Olimpiya çempionumuz təyinatla bağlı fikirlərini “Olimpiya dünyası” qəzetinə bildirib. 49 yaşlı mütəxəssis güləş üzrə yığmanın baş məşqçisi olmağın şərəfli, lakin bir o qədər də məsuliyyətli iş olduğunu qeyd edib.
“Əvvəlcə Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, məni bu vəzifəyə layiq biliblər. Çalışacağam ki, mənə göstərilən bu etimadı doğruldum. Sözsüz ki, dünyanın ən güclü komandalarından biri sayılan Azərbaycanın sərbəst güləş üzrə yığmasının baş məşqçisi olmaq şərəfli olduğu qədər məsuliyyətli işdir. Biz daim ən mötəbər yarışlarda uğurlu çıxışla azarkeşləri sevindirməyi bacarmışıq. Azərbaycanda güləşin zəngin ənənələri var. Dövlətin, ölkə başçısı cənab İlham Əliyevin idmana diqqət və qayğısı nəticəsində bu ənənələri yaşatmaqda davam edirik. Əlbəttə, bizdən gözləntilərin böyük olduğunu bilirik və bu məsuliyyəti dərk edirik. Olimpiya çempionu kimi təcrübəmi işə salıb, komandamızla birgə yeni-yeni uğurlar qazanmağa çalışacağam. Bilirsiniz ki, Olimpiya Oyunlarına təxminən 10 ay vaxt qalıb. Hələ ki karantinlə bağlı olaraq açıq havada məşqlərimizi davam etdiririk. Qapalı məkanda məşq etməyə icazə verildikdən sonra tam gücümüzlə təlim-məşq toplanışına start verəcəyik”, - deyə Namiq Abdullayev bildirib.