"Barselona”nın yeni hücumçusu Neymar Kataloniya klubuna uyğunlaşmasından danışıb. "Twitter”dəki "Barcastuff” səhifəsində braziliyalı futbolçunun sözləri belə təqdim olunub: "Yoldaşlıq və ya rəsmi olmasından asılı olmayaraq, hər oyuna sanki Çempionlar Liqasının finalına çıxan kimi çıxıram”.
"Barselona”ya keçdiyim üçün xoşbəxtəm. "Santos”a qarşı oyun mənim üçün xüsusi olacaq. Keçmiş oyundaşlarıma qarşı oynayacağam. Amma nə etmək olar, mən artıq yeni komandanın şərəfini qoruyuram. Komandadakı atmosfer düşündüyümdən də yaxşıdır. Buradakı hər şeydən razıyam.
Messi ilə əla münasibətlərim var. O, çox yaxşı insandır. Əsl lider və dünyanın ən yaxşı oyunçusudur. Ona kömək etmək üçün burdayam. Martino ilə də yaxşı yola gedirəm. O, oyunçularla çox söhbət edir, hər gün onunla danışıram. Əla məşqçidir. Fiziki hazırlığım üzərində işləyirəm. Hər gün daha güclü oluram. Badamcıq vəzilərinin kəsilməsindən sonra bir neçə kiloqram arıqlamışdım. Amma indi hər şey qaydasındadır.
Romario, Ronaldo və Ronaldinyo "Barselona”nın məşhur futbolçuları olublar. Mən də klubun tarixində öz izimi qoymaq istəyirəm. Oyun üslubumu dəyişmək niyyətində deyiləm. Meydanda özüm kimi olmalıyam. İnanmıram ki, bundan kimsə ziyan görmüş olsun”.