Güləş üzrə fərdi dünya kubokunun proqramı müəyyənləşib

Güləş üzrə fərdi dünya kubokunun proqramı müəyyənləşib

Serbiyanın paytaxtı Belqradda keçiriləcək və Azərbaycan güləşçilərinin də qatılacaqları fərdi dünya kubokunun proqramı müəyyənləşib.
Yunan-Roma, qadın və sərbəst güləş üzrə təşkil olunacaq turnir dekabrın 12-dən 18-dək keçiriləcək.
Proqrama əsasən, dekabrın 12-13-də yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Belə ki, yarışın ilk günü təsnifat görüşləri və yarımfinal qarşılaşmaları olacaq. Dekabrın 13-də isə təsnifat görüşləri, eyni zamanda, yarımfinal qarşılaşmaları və təsəlliverici qarşılaşmalar olacaq.
Həmin gün açılış mərasimi də baş tutacaq. Günün sonunda 55, 67, 72, 77 və 87 kiloqram çəkilərdə medal qarşılaşmaları baş tutacaq.
Dekabrın 14-də qadın güləşində təsnifat görüşləri, yarımfinal görüşləri, yunan-Roma güləşində təsəlliverici qarşılaşmalar və 60, 63, 82, 97 və 130 kiloqram çəkilər üzrə medallar uğrunda qarşılaşmalar olacaq.
Dekabrın 15-də qadın güləşində təsnifat görüşləri, təsəlliverici qarşılaşmalar, yarımfinal görüşləri və nəhayət, 50, 53, 55, 62 və 72 kiloqramda medallar uğrunda görüşlər keçiriləcək.
Sonrakı gün sərbəst güləşçilər də xalça üzərinə çıxacaqlar. Belə ki, sərbəst güləşçilərimiz əvvəlcə təsnifat görüşlərində, daha sonra yarımfinal görüşlərində iştirak edəcəklər. Həmin gün qadın güləşində isə təsəlliverici qarşılaşmalardan sonra 57, 59, 65, 68 və 76 kiloqram üzrə medallar uğrunda qarşılaşmalar olacaq.
Dekabrın 17-də sərbəst güləşçilər günün birinci və ikinci yarısında təsnifat görüşləri, təsəlliverici qarşılaşmalarda iştirak edəcəklər.
Günün son qarşılaşmalarında isə 57, 70, 74, 92 və 125 kiloqram çəkilər üzrə güləşçilər medallar uğrunda mübarizə aparacaqlar.
Nəhayət, yarışların son günü, dekabrın 18-də sərbəst güləş üzrə əvvəlcə təsəlliverici görüşlər keçiriləcək, daha sonra 61, 65, 79, 86 və 97 kiloqram çəkilərdə medallar uğrunda qarşılaşmalar baş tutacaq.
Turnirin mükafat fondu 300 min İsveçrə frankı olacaq.