Komandamız İsrailə yüksək əhval-ruhiyyədə yollanacaq
Avqustun 14-də Azərbaycan milli komandası Beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Malta yığması ilə münasibətlərinə aydınlıq gətirdi. DÇ-seçmə mərhələsində İsraillə oyuna hazırlaşan həmyerlilərimiz meydanı qələbə ilə tərk etdilər. Komandamızın üstünlüyü şəraitində keçən matç onların 3:0 hesablı qələbəsi ilə başa çatdı. Oyunda hesabı Rüfət Dadaşov açdı. Rauf Əliyev komandamızın üstünlüyünü 2 topa çatdırdı. Qarşılaşmanın son qolunun müəllifi də Rüfət Dadaşov oldu.
Beynəlxalq yoldaşlıq oyunu
Azərbaycan - Malta - 3:0 (1:0)
Qollar: R. Dadaşov, 5; 71, R. Əliyev, 63.
Azərbaycan: 1. Kamran Ağayev, 2. Bədavi Hüseynov (18. Maksim Medvedev, 88), 3. Rasim Ramaldanov, 4. Mahir Şükürov (k), (14. Rəşad Sadıqov, 77), 20. Ufuk Budak, (5. Elnur Allahverdiyev, 46), 15. Ruslan Abışov, 17. Araz Abdullayev, 26. Qara Qarayev (19. Rahid Əmirquliyev, 62), 22. Əfran İsmayılov (9. Cihan Özkara, 62), 27. Rüfət Dadaşov (24. Vüqar Əsgərov, 81), 11. Rauf Əliyev.
Malta: 1. Justin Haber, 2. Rayan Kamilleri, 4. Qaret Şiberras (17. Con Mintoff, 88), 5. Andrei Agius, 7. Klayton Failla, 8. Roderik Briffa (14. Roven Muskat, 77), 9. Mixael Mifsud (k), 10. Endryu Koen (20. Klifford Gatt Baldaccino, 69), 11. Edvard Herrera (6. Ryan Fenech, 62), 13. Andre Şembri, 19. Mark Scerri, (3. Yakob Borq, 46).
Sarı vərəqələr: M. Şükürov, 33, R. Abışov, 50, R. Dadaşov, 73 - K. Failla, 59, R. Fenech, 90+1.
Qırmızı vərəqə: A. Agius, 67.
Hakimlər: Aleksandr Əliyev, Alibek Aubekirov, Sanjar İskakov (hamısı Qazaxıstan).
14 avqust. "Bakcell Arena” stadionu.
Cari ildə 7-ci oyun
Malta yığması ilə oyun təmsilçimizin tarixinə 198-ci matç kimi düşdü. Yığmamız yarandığı 1992-ci ildən indiyə qədər 197 qarşılaşma keçirmişdi. Bu matçlarda 35 qələbə qazanan yığmamız 52 dəfə heç-heçə ilə kifayətlənmişdi. Millimizin məğlubiyyətlərinin sayı isə daha çox idi - 110. Futbolçularımız millinin oyunlarında 137 dəfə rəqib qapısına yol tapmışdı. Bu qarşılaşmalarda yığmamızın qapıçıları 342 topun buraxılmasına üzülmüşdü.
Tarixində 103-cü yoxlama oyunu keçirən millimiz müxtəlif yoldaşlıq xarakterli turnirlərdəki oyunları da saymaq şərti ilə 102 görüşdə qüvvəsini sınayıb. 27 qələbə və 35 heç-heçənin təsadüf olunduğu belə matçlarda 40 məğlubiyyətimiz var idi. Top fərqində də rəqiblərimizin daha üstünlüyü görsənirdi - 93-130.
6 ildir yığmamıza rəhbərlik edən Berti Foqtsun başçılığı altında 59-cu matça çıxan komandamız 12 qələbə qazanıb, 18 heç-heçə edib və 28 dəfə uduzmuşdu.
Qeyd edək ki, Berti Foqtsun yetirmələri 2013-cü ildə 7-ci oyununa çıxıb. Bu il təşkil olunan 6 qarşılaşmada 1 qələbə, 4 heç-heçə və 1 məğlubiyyəti olan millimiz 3 qol vurub və 4-nü buraxmışdı.
Maraqlı məqamdır ki, Malta yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində134-cü yeri tutur. Malta zəif rəqib təsiri bağışlasa da, yığmamız bu komandaya heç də yuxarıdan aşağı baxmamalı idi. Düzdür, reytinq cədvəlindəki yerinə görə millimiz bu rəqibindən xeyli öndədir - 115-ci yer. Malta ilə görüş DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsraillə oyuna hazırlıq baxımından böyük əhəmiyyət kəsb edirdi. Çünki bu, həmin görüş öncəsi son sınaq idi. Baxmayaraq ki, Malta ilə İsrail yığmasını müqayisə etmək bir qədər düzgün olmazdı. Amma hər halda son uğursuzluqları unutdurmaq üçün millimizin Bakıdakı oyunda qələbə qazanmaqdan başqa çıxış yolu idi.
Statistika Malta millisinin lehinə idi
Bu, Azərbaycan yığmasının Malta ilə 4-cü matç idi. Belə ki, komandamız indiyədək 3 dəfə ada təmsilçisi ilə üz-üzə gəlmişdi. Sonuncu dəfə 11 il əvvəl qarşılaşdığımız rəqiblə əvvəlki oyunların hamısı eyni məkanda olmuşdu. 3 dəfə Ta Qali şəhərində maltalıların qonağı olan millimiz indi "Bakcell Arena”da meydana çıxmışdı.
Əvvəlki qarşılaşmaların nəticələri Malta yığmasının aşkar üstünlüyü ilə keçmişdi. Belə ki, bütün qarşılaşmalarda cırtdan ölkə təmsilçisi qalib gəlmişdi. Qola həsrət qalan yığmamız 2 dəfə böyük hesabla uduzub, son matçda isə minimum fərqlə yenilmişdi.
Bu görüşlərdə 1 məqam diqqət çəkir ki, yığmamız uduzduğu 3 qarşılaşmada oyundan oyuna 2 top az buraxmışdı. 19 il əvvəl böyük hesablı məğlubiyyətə üzülən yığmamız 5, həmin oyundan 6 il sonra isə 3 cavabsız top buraxan komandamız 2002-ci ildə 1 qolla uduzmuşdu. Ümumilikdə isə maltalılar 3 oyunda millimizin qapısına 9 cavabsız qol vurmuşdular.
"Cırtdanlar”a qarşı fərqli heyət
Malta ilə qarşılaşmada Azərbaycan millisi fərqli heyətlə meydana çıxmışdı. Berti Foqts ada təmsilçisi ilə oyunda 2 hücumçuya güvənmişdi. Almaniyalı mütəxəssis qapını Kamran Ağayevə tapşırmışdı. Yığmanın qapıçısından fərqli, müdafiə xətti dəyişikliyə məruz qalmışdı. Belə ki, B. Foqts müdafiənin solunda Ufuk Budak, sağında Mahir Şükürov, mərkəzində isə Rasim Ramaldanovla Bədavi Hüseynova şans vermişdi. Son qarşılaşmalarda ilk "11-lik”dən kənarda qalan milliləşən legioner Ufukla Bədavi aparıcı oyunçuların yoxluğunu unutdurmalı idilər. Baş məşqçi millinin kapitanı və ən təcrübəli üzvü Rəşad Sadıqovu qorumaq qərarına gəlmişdi. Onun kimi, "Qarabağ”ın digər müdafiəçisi Maksim Medvedev və bundan əvvəlki görüşdə şans qazanan Elnur Allahverdiyev də kənarda qalmışdı.
Almaniyalı mütəxəssis 2 ay əvvəl Lüksemburqla keçirilən matçla müqayisədə orta sahədə də dəyişikliklərə əl atıb. O, dayaq yarımmüdafiəçisi mövqeyində Qara Qarayevlə Ruslan Abışova güvənmişdi. Sağ cinahda Əfran İsmayılov, soldan isə Araz Abdullayev hücumlara dəstək verməli idi. Son matçın iştirakçılarından olan Rahid Əmirquliyev və Rəşad Sadiqov bu dəfə "11-lik”də yox idilər.
Ön xətdə Rauf Əliyevlə Rüfət Dadaşov çıxış edirdi. Sonuncudan fərqli, 2 ay əvvəl cəzalı olan Rauf qısa fasilədən sonra "11-lik”də idi. Əvəzində ötən oyunun iştirakçılarından Vaqif Cavadovun adına rast gəlinmirdi.
Millimiz ilk hissədə 1...
Matçı stadiondan birbaşa izləyənlər arasında AFFA-nın prezidenti Rövnəq Abdullayev, PFL-in prezidenti Ramin Musayev və "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov da var idi.
Oyun meydan sahiblərinin hücumları ilə başladı. Bunun nəticəsi olaraq, millimiz ilk hücumdaca hesabı açmağa müvəffəq oldu. Oyunun 5-ci dəqiqəsində künc zərbəsindən ötürülən topu Rüfət Dadaşov dəqiq baş zərbəsi ilə qapıdan keçirərək, meydana toplaşmış azarkeşləri sevincə qərq etdi - 1:0. Bu qolla Rüfət millinin heyətində 5-ci oyunda 2-ci qoluna imza atdı. Matçda ərazi üstünlüyünə sahib olan yığmamız hücumlarını davam etdirirdi. Belə vəziyyətlərin birində Əfran İsmayılovun əla ötürməsindən sonra topu ələ keçirən Araz Abdullayevin zərbəsində dəqiqlik çatmadı. Tədricən hücumlara atılan qonaqlar hesabı bərabərləşdirməyə yaxın oldular. Oyunun 36-cı dəqiqəsində müdafiəçilərimizin kobud səhvindən yararlanan Skembri zərbə mövqeyinə çıxsa da, qapıçımız Kamran Ağayev topu dəf etdi. İlk hissənin sonlarında təmsilçimizin heyətində yenə Rüfət Dadaşov diqqət mərkəzinə düşdü. Matçda fəallığı ilə seçilən Araz Abdullayevin ötürməsindən sonra Rüfət 2-ci qolunu vurmağa yaxın olsa da, rəqib qapıçı qola imkan vermədi. Təmsilçimiz ilk hissəni 1:0 hesablı üstünlüklə tamamladı.
...ikinci hissədə isə 2 dəfə fərqləndi
Fasilədən sonra da oyun daha çox təmsilçimizin üstünlüyü ilə keçirdi. Bir neçə qol imkanını əldən verən təmsilçimiz növbəti dəfə qol vurdu. Oyunun 63-cü dəqiqəsində Rauf Əliyev bir neçə müdafiəçini ustalıqla geridə qoyaraq iti bucaq altından qapını dəqiq nişan aldı. Qoldan sonra hücumlarını davam etdirən millimiz növbəti dəfə rəqibi oyuna mərkəzdən başlamağa məcbur etdi. Matçın 71-ci dəqiqəsində sağ cinahdan təşkil olunmuş hüucm zamanı Mahir Şükürovun ötürdüyü topu Rüfət əla zərbə ilə qapıdan keçirərək, rəqib qapıçı üçün seçim yeri qoymadı - 3:0. Rəqibi qapısına doğru sıxışdıran yığmamız tez-tez qol vəziyyətləri yaratmağa müvəffəq olurdu. Belə vəziyyətlərin birində həmyerlilərimiz 4-cü topu rəqib qapısına vura bilərdi. Oyunun 76-cı dəqiqəsində rəqib futbolçuların kobud səhvindən sonra topu ələ keçirən Araz Abdullayev rəqib qapıçı ilə təkbətək qalsa da, ikinci inamlı çıxışı ilə yadda qalaraq topu dəf etdi. Oyunun sonları yaxınlaşdıqca rəqib komanda qollardan birinin əvəzini çıxmağa çalışdı. Lakin millimizin qapıçısı Kamran Ağayev inamlı çıxışı ilə yadda qaldı. Beləliklə, komandamız Malta millisi ilə oyunda 3:0 hesabı ilə qələbə qazanaraq, İsrail yığması ilə oyunqabağı əhval-ruhiyyəsini yüksəltdi.
Yoldaşlıq oyunundan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev millimizin üzvləri ilə görüşdü. Komandanı qələbə münasibəti ilə təbrik edən AFFA prezidenti, millimizə qarşıdakı oyunlarda da uğurlar arzuladı.
6-cı dəfə 3:0
Azərbaycan millisi tarixində 6-cı dəfə böyük hesabla qalib gəlib. Yoldaşlıq görüşündə maltalıların qapısından 3 cavabsız top keçirən komandamız 1 dəfə 4, 5 dəfə 3 top fərqi ilə qələbə qazanıb. İlk rəsmi matçını 1992-ci ildə keçirən yığmamızın 21 illik tarixinə təsadüf edən 6 böyük hesablı qələbədən 4-ü Bakıda, 2-si neytral meydanlarda əldə olunub.
Komandamız son 3 böyük hesablı qələbəsini ilyarım ərzində gerçəkləşdirib. Bu da almaniyalı mütəxəssis Berti Foqtsun çalışdırıcılıq dövrünə düşür.
Qeyd edək ki, millimiz 3-cü dəfə Avropa təmsilçisini aşkar üstələyib. Digər 3 qarşılaşmada isə təmsilçimiz asiyalıları məğlub edib.
Oyundan sonra
Petro Qedin (Malta millisinin baş məşqçisi): "Azərbaycan yetərincə aqressiv və qələbəyə layiq oyun nümayiş etdirdi. Təəssüf ki, biz öz gücümüzü göstərə bilmədik. Azərbaycan yığması qələbəyə layiq idi. Bizim bu komandadan öyrənəcəyimiz hələ şox şeylər var. Fikrimcə, milliniz Malta ilə əvvəlki görüşlərlə müqayisədə daha yaxşı təsir bağışladı”.
Berti Foqts: "İsraildən heç-heçə ilə
qayıtmaq istəyiriksə...”
Malta ilə yoldaşlıq görüşündən sonra millimizin baş məşqçisi Berti Foqts mətbuat konfransı keçirdi. 67 yaşlı almaniyalı mütəxəssis 3:0 hesabı ilə qalib gəldiyimiz matçda narazı qaldığı məqamlardan da danışdı.
- Oyun haqqında fikirlərinizi bilmək istərdik...
- Nəticədən razıyam. İlk hissədə topu tez-tez itirməyimizdən narazı qaldım. Fasilədə futbolçulara dedim ki, həyəcanlı yox, soyuqqanlı olun. Bu, ikinci hissədə bəhrəsini verdi. 3:0 hesabı oyunun gedişini göstərir. İsraildən heç-heçə ilə qayıtmaq istəyiriksə, oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Bir sıra futbolçuları uzun fasilədən sonra gördüm.
- Qələbədən razı qalsanız da, rəqibin heyətində Azərbaycana qarşı cəmi 2 peşəkar futbolçu oynayırdı. Yəni, qələbəni bu qədər şişirtmək olmaz. Bu oyunla İsrailə qarşı nəyi gözləyək?
- Mən öz üzərimizdə daha çox işləməli olduğumuzu dedim.
- Hansı komponentlərdə?
- Futbol komanda idman növüdür. Hər xətdə olan səhvlər üzərində işləyəcəyik.
- Şans vermək istədiyiniz Əfran İsmayılov necə təsir bağışladı?
- Əfran bir neçə gün əvvəl ata olub. Hiss edirəm ki, fikri oyunda yox, ailəsinin yanında idi.
- Hansı futbolçulardan razı qaldınız?
- Mənim üçün fərdi planda kimin
yaxşı, kimin pis oynamağı maraqsızdır. Əsas komanda oyunu vacibdir. Bəli, səhvlər vardı. Ancaq komanda pis oynamadı. Bilirəm ki, futbolçuları tənqid edərkən, bəzən mətbuatda düzgün çatdırılmır. Ona görə futbolçuya sözümü üzbəüz deyəcəm.
- Qeyri-peşəkar futbolçulara bu qədər qol imkanı yaratmağa imkan verdiniz...
- Biz gözləməliyik, hövsələmiz olmalıdır. Sözsüz ki, İsraillə oyun öncəsi bizi çətin məşqlər gözləyir. Həmin bu yığma Türkiyə, bir sıra güclü rəqibləri məğlub edib. Bizdə də bəzi futbolçular var ki, oyuna əvvəldən başlamadı.
- Yeni futbolçulardan istədiyinizi ala bildinizmi?
- Bəzi futbolçulardan razı qalmadım. Müdafiədən hücuma tez keçməliyik, vaxtı və topu itirməməliyik.
- Bəs belə hesabı gözləyirdiniz?
- Mən hər oyuna hazırlıq keçəndə, qələbə qazanmaq istəyirəm. Qələbə olanda sevinirəm. Olmayanda hirslənirəm, özümdən çıxıram. Lüksemburq yığmasında da qeyri-peşəkarlar oynayırdı, heç-heçə etdiyimizə hirsləndim. İndi 3:0-dan razı qaldım. Ancaq 4:0 daha yaxşı olardı.
- Matçdan əvvəl "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşdüyünüzü demişdiniz. Millimizin oyunu "Qarabağ”ın oyununa bənzəyirdi, daha çox qısa ötürmələr edilirdi. Maraqlıdır, siz Qurban Qurbanovdan məsləhət aldınız, yoxsa?
- Bu, Qurbanovla aramızda olan söhbətdir, qoy, sirr qalsın.
- Bu ilin dekabr ayında AFFA ilə müqaviləniz başa çatır. Assosiasiya artıq yeni baş məşqçi axtarışındadır. Siz vəzifənizdə qalmaq istəyərdiniz? İstəyirsinizsə, bizə Avropanın ortabab komandası olması üçün nə qədər vaxt lazımdır?
- Mənim AFFA ilə müqaviləm bu il başa çatır. Hüququm var ki, başqa təkliflərə baxım. Eləcə də, AFFA-nın. Mən işə başlayanda, meydançalar yox idi. İndi isə vəziyyət tam fərqlidir.
- Təmsilçimiz olan "Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində "Ayntraxt”la görüşlərində şanslarını necə qiymətləndirirsiniz?
- "Qarabağ”ın "Ayntraxt”la görüşlərində şansları qiymətləndirmək çətindir. Əgər "Qarabağ” sürətli oynasa, qalib gələ bilər. Əks halda, çətin olacaq. "Ayntraxt” keçən il Bundesliqaya qayıdıb, 6-cı yeri tutub. İndi zəifdir, həftəsonu "Herta”ya 1:6 hesabı ilə uduzub. "Qarabağ”ın az da olsa, şansı var. Mən həmkarımın qrup mərhələsinin iştirakçısı olmağını istərdim.
Rahib Səmədov