Fevralın 12-də Qazax şəhər F.Şamoyev adına 4 saylı orta məktəbinin idman zalında AFFA-nın təşkilatçılığı ilə V və VII siniflər arasında mini futbol üzrə "Coca Cola məktəbli turnirinin" final görüşləri keçirilib.
V siniflər arasında keçirilən final görüşündə Qazax şəhər Mehdi Hüseyn adına məktəb-liseyin və 4 saylı orta məktəbinin komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən final görüşü 1:0 hesabı ilə birincilərin xeyrinə başa çatıb. VII siniflər arasında keçirilən final görüşündə isə Qazax şəhər 5 saylı orta məktəbin və Aşağı Salahlı kənd orta məktəbinin komandaları qarşılaşıblar. Matç 2-7 hesabı ilə kənd komandasının xeyrinə başa çatıb.
Sonda qaliblər və mükafatçılar, o cümlədən komandaların məşqçiləri AFFA-nın və "Coca Cola" şirkətinin qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.