Messinin atası iş adamının pulunu vermir

Messinin atası iş adamının pulunu vermir

"Mundo Deportivo”nun məlumatına görə, "Barselona”nın lideri Lionel Messi və onun atası Xorxe yenidən qalmaqalla gündəmə gəliblər. İş adamı Antoni Vilatta 2003-cü ildə iş sənədlərinin və İspaniya vizasının rəsmiləşdirilməsində göstərdiyi xidmətə görə onlardan miqdarı açıqlanmayan məbləğ tələb edir. O vaxt Lionel İspaniyada atasıyla yaşayırdı, amma futbolçunun tək qalmasını istəyən "Barselona” Xorxe Messiyə vizasını artırmaqdan imtina etmişdi.
Nəticədə Xorxe Messi ilə əmək müqaviləsi bağlayan və vizanın alınmasında yardımçı olan Vilatta ailəyə kömək edib. Anlaşmaya əsasən, xidmətləri qarşılığında biznesmen Lionelin "Barselona”nın əsas heyətində keçirdiyi ilk mövsümündəki maaşından müəyyən faiz almalıydı. Amma o, pulunu ala bilmədiyindən məhkəməyə müraciət etməli olub.
Xatırladaq ki, Lionel və Xorxe Messilər vergidən yayınmaqda da ittiham olunurlar.
Yeri gəlmişkən, Romadakı yoldaşlıq görüşü öncəsi Argentina və İtaliya yığmaları Vatikanda Roma Papasının qəbulunda olublar. Komandaların kapitanları Lionel Messi və Canluici Buffon katoliklərin rəhbəri argentinalı Fransisə zeytun ağacı bağışlayıblar.

Messi ombasının zədələnməsi üzündən dünənki oyun ərəfəsində Argentina yığmasının düşərgəsini tərk etmək məcburiyyətində qalıb. "Barselona”lı futbolçu hələ ötən həftənin əvvəlində ombasında ağrılar hiss etməyə başlayıb və bu səbəbdən Kataloniya klubunun Malayziya yığması ilə yoldaşlıq görüşündə (3:1) çıxış edə bilməyib.