“Qəbələ” yeni sponsorla əməkdaşlığa başladı

“Qəbələ” yeni sponsorla əməkdaşlığa başladı

"Qəbələ” İdman Klubunun futbol komandaları cari mövsümə yeni formalarla meydana çıxacaqlar. Komanda ilə "Pepsi Cola Azerbaijan” arasında imzalanan müqaviləyə əsasən, "Qəbələ” İdman Klubunun bütün futbol komandaları 2013-2014-cü illər mövsümündə üzərində "Pepsi” reklamı əks olunan formalar geyinəcək. "Pepsi” reklamları "Qəbələ”nin ev oyunlarının keçirildiyi meydançanın ətrafındakı reklam lövhələrində və oyunsonrası mətbuat konfranslarında arxa fon lövhəsində də yerləşdiriləcək.
Bundan əlavə, hər iki qurum keçirəcəkləri sosial məsuliyyət və ya marketinq kampaniyalarında bir-birilərini dəstəkləyəcək və birgə fəaliyyət göstərəcəklər.
"Pepsi Cola Azerbaijan” şirkətinin satış və marketinq müdiri Azər Cəfərov əməkdaşlıqla bağlı klubun rəsmi saytına bunları deyib: "İdman və xüsusilə futbol "Pepsi” üçün yad sahə deyil. Hamıya məlumdur ki, "Pepsi” bugünə qədər bir çox mötəbər beynəlxalq yarışın sponsorlarından olmuşdur. Azərbaycanda bu fəaliyyətə "Qəbələ” İdman Klubu ilə başlamağımız da təsadufi deyil. Xüsusən, "Qəbələ” klubunun uşaq futboluna göstərdiyi qayğının şirkətimizin sosial məsuliyyət fəaliyyəti ilə səsləşməsi diqqətimizi cəlb etdi. Müqavilə hələlik bir illik imzalandı. Amma əməkdaşlığın daha uzun müddəti əhatə edəcəyini düşünürəm”.
"Qəbələ” İdman Klubunun Media və Marketinq meneceri Səməd Nəsibov isə bu əməkdaşlığın mühüm hadisə olduğunu vurğuladı. "”Pepsi Cola” kimi qlobal bir brendlə əməkdaşlıq etmək klubumuz üçün çox mühüm hadisədir. Çünki bizim əsas məqsədimiz futbol sahəsində ölkəmizin bir nömrəli markası olmaqdır. Bu hədəfə səbrlə və doğru addımlarla çatmaq vacibdir. Şübhə yoxdur ki, bu əməkdaşlıq bu yolda bizə böyük bir təkan verəcək”, - o vurğuladı.
Xatırladaq ki, "Qəbələ” futbolçuları ötən 3 mövsüm ərzində də meydançaya "Hyundai” reklamlı formalarla çıxmışdı.