Təmsilçilərimiz üçün ilk tur uğursuz oldu

Təmsilçilərimiz üçün ilk tur uğursuz oldu

 
Türkiyə çempionatının I liqasında yeni mövsümə start verilib. Rekord sayda - 7 futbolçumuzun çıxış etdiyi çempionatın I turunun ilk günü təmsilçilərimiz üçün uğursuz alınıb. 
Onlardan altısının komandasının iştirakı ilə keçirilən 4 qarşılaşmanın hamısında 3 xalı rəqibləri qazanıb. Futbolçularımızın hamısının komandaları səfərdən minimum fərqli məğlubiyyətlə qayıtmalı olub. Üstəlik, təmsilçilərimizdən yalnız biri start heyətində yer alıb, ikisi sonradan meydana çıxıb, üçü isə ilk turda oynamaq imkanı qazanmayıb. Meydana çıxan 3 oyunçumuzdan ikisi isə Türkiyədə debüt edib.
Milliləşdirilən legionerlərimiz - qapıçı Andrey Popoviçlə müdafiəçi Usim Ndukanın şərəfini qoruduğu "Tavşanlı Linyitspor” "Balıkəsirspor”la səfər matçında 0:1 hesabı ilə uduzub. Bu qarşılaşmada təmsilçilərimizdən heç biri Türkiyədə debüt edə bilməyib.
Müdafiəçi Saşa Yunisoğlu ilə yarımmüdafiəçi Arif İsayevin oynadığı "Dənizlispor” "Qaziantepspor Böyükşəhir Bələdiyyəspor”un qonağı olub. Meydan sahiblərinin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada hər 2 təmsilçimiz meydana çıxıb. Saşa start heyətində yer alaraq debüt matçında 90 dəqiqə çıxış edibsə, A. İsayev yalnız matçın 69-cu dəqiqəsində "döyüşə atılıb”.
Qapıçı Davud Kəriminin formasını geydiyi "Fəthiyəspor” "1461 Trabzon”un qonağı olduğu qarşılaşmada 2:3 hesabı ilə məğlub olub. Qapıçımız bu matçı kənardan izləyib. Hücumçu Fərid Quliyevin keçdiyi "Kahramanmaraşspor” "Bucaspor”a 1:2 hesabı ilə uduzub. Təmsilçimiz qarşılaşmanın 72-ci dəqiqəsində meydana çıxmaqla özü üçün yeni çempionatda rəsmi debüt edib.