"Xəzər Lənkəran” və "İnter” isə hələ də qələbə qazanmayıblar
Avqustun 17-də Topaz Premyer Liqasında III tura start verilib. 3 gün ərzində keçirilən 5 matçda maraqlı nəticələr qeydə alınıb. Turnir cədvəlinin liderləri - "Neftçi” ilə "Qarabağ” bu dəfə də ümidləri doğruldublar.
İlk oyun günü cəmi bir oyun keçirilib. Son çempion "Neftçi” doğma azarkeşlər önündə "Simurq” klubunu ilə münasibətlərinə aydınlıq gətirib. Maraqlı məqamdır ki, zaqatalılar bu rəqiblə son 8 oyunda qələbə üzünə həsrət qalmışdı. İndiyədək keçirilmiş 16 qarşılaşmadan yalnız birində qələbə qazanan Zaqatala təmsilçisi 4 dəfə rəqibi ilə heç-heçə etmişdi. 11 görüşdə isə "Neftçi” qələbəyə sevinən tərəf olmuşdu. Qeyd edək ki, "Simurq”un "Neftçi” üzərindəki yeganə qələbəsi məhz Bakıda keçirilən oyuna təsadüf etmişdi. Top fərqində də "ağ-qaralar”ın böyük üstünlüyü var idi - 25:7. "Simurq” bu oyuna qədər qapısından top buraxmayan yeganə komanda idi. "Bakcell Arena”da təşkil olunan görüşdə qapılara bir top vurulub. Oyunun 33-cü dəqiqəsində Erik Ramosun cərimə meydançası qarşısından vurduğu zərbə dəqiq olub - 1:0. Bundan sonra "Neftçi” meydanda azlıqda qalıb. Elvin Yunuszadənin meydandan qovulmasından sonra oyunun böyük hissəsini 10 nəfərlə keçirən paytaxt təmsilçisi qarşılaşmanı qələbə ilə başa vurub.
İkinci oyun günü 3 matç təşkil olunub. Günün ilk oyunu xal üzünə həsrət qalan paytaxt təmsilçiləri arasında olub. "Bakı”, ardıcıl iki məğlubiyyətdən sonra baş məşqçi vəzifəsində dəyişiklik edərək, yenidən Vladislav Qədirova tapşırılan "Rəvan”la qarşılaşıb. Qeyd edək ki, son iki mövsümdə Premyer Liqada 4 dəfə üz-üzə gələn paytaxt klubları bu dəfə turnir cədvəlinin son pillələrində qərarlaşmışdılar. Buna qədər keçirilən oyunların ikisində "Bakı” qalib gəlmiş, digər ikisində isə heç-heçə qeydə alınmışdı. Bir sözlə, "zolaqlılar” "Rəvan” üçün hələ ki, məğlubedilməz komanda idi. Bu "ənənə” yenə davam edib. "Bakı” klubu rəqibin qapısından 5 cavabsız top keçirib.
Digər paytaxt derbisində hesabında xal olmayan "İnter” doğma azarkeşlər önündə AZAL klubunu sınağa çəkib. Tərəflər arasında indiyədək keçirilən 18 oyundan 10-u heç-heçə ilə başa çatmışdı. Hərəyə 4 qələbə qazanan komandaların top fərqində üstünlük AZAL-da idi. Bu komanda AZAL adlanandan bəri "İnter”ə məğlub olmamışdı - son 8 qarşılaşmanın 6-sı heç-heçə başa çatmış, iki oyunda isə "təyyarəçilər” qalib gəlmişdi. AZAL klubu məğlubiyyətsiz seriyanı səfərdə də davam etdirib. Hərçənd ki, oyuna meydan sahibləri qolla başlayıblar. Oyunun 30-cu dəqiqəsində Ruslan Əmircanov "İnter”i hesabda önə keçirib. Amma bu, "bankçılar”ın son sevinci olub. Qoldan 12 dəqiqə sonra qonaqlar hesabı bərabərləşdirməyə müvəffəq olublar. Fasilədən sonra "təyyarəçilər” qələbə qolunu da vurublar. İlk qolun müəllifi Viktor İqbekoyi yenə diqqət mərkəzinə düşüb. Nəticədə, çempionatda 2-ci qələbəsini qazanan AZAL turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib.

Turun mərkəzi qarşılaşması "Bakcell Arena” stadionunda olub. "Qarabağ” doğma azarkeşlər önündə "Xəzər Lənkəran” klubu ilə qarşılaşıb. Tərəflər arasında keçirilən oyunlarda hər iki komanda 10 dəfə qələbə qazanıb və 4 dəfə heç-heçə etmişdi. Maraqlı məqam, son 4 qarşılaşmada qonaqların xal qazana bilməməsi idi. İlk 2 turda olduğu kimi, Qurban Qurbanovun yetirmələri yenə qələbə qazanan tərəf olublar. Oyunda hesabı meydan sahibləri açıblar. Matçın 25-ci dəqiqəsində Nikolas Gelaşvili fəqlənib. Hücumlarını davam etdirən ağdamlılar fasilədən sonra daha bir dəfə fərqləniblər. Riçard Almeyda lənkəranlıları 2-ci dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Qələbədən sonra Ağdam təmsilçisi liderliyini qoruyub. "Xəzər Lənkəran” klubu isə hələ də öz oyununu tapa bilməyib.
Tura dünən Sumqayıtda yekun vurulub. Yerli "Sumqayıt” klubu evdə "Qəbələ” komandasını qəbul edib. İndiyədək tərəflər arasında təşkil olunan 4 oyunun hamısında qəbələlilər qalib gəlmişdilər. Təbii ki, topların fərqi də bölgə təmsilçisinin xeyrinə idi - 10:3. "Qəbələ” qələbə seriyasını davam etdirmək niyyətində idi. Oyun sumqayıtlıların inamlı qələbəsi ilə başa çatıb.
Topaz Premyer Liqası
III tur
17 avqust
"Neftçi” - "Simurq” - 1:0
Qol: E. Ramos, 33.
Qırmızı vərəqə: Elvin Yunuszadə, 39
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Namiq Bəkirov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov.
Bakı. "Bakcell Arena” stadionu.
18 avqust
"Bakı” - "Rəvan” - 5:0
Qollar: Yure Travner, 9, Mindauqas Kalonas, 11, 39, Cavid Hüseynov, 79, Aleksandar Soliç, 82.
Hakimlər: Vüsal Əliyev, Cavanşir Yusifov, Munis Abdullayev, Sərxan İsmayılov.
Bakı. "Bakı”nın təlim-məşq bazasının stadionu.
"Qarabağ” - "Xəzər Lənkəran” - 2:0
Qollar: Nikolas Gelaşvili, 25, Riçard Almeyda, 60 (pen.).
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Mehman Mahmudov, Ramil Diniyev.
Bakı. "Bakcell Arena” stadionu.
"İnter” - AZAL - 1:2
Qollar: Ruslan Əmircanov, 30 - Viktor İqbekoyi, 42, 67.
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, İnqilab Məmmədov.
Bakı. "Şəfa” stadionu.
19 avqust
"Sumqayıt” - "Qəbələ” - 2:1
Qollar: Vüqar Əsgərov, 4, Ruslan Qurbanov, 62 (pen.) - Yannik Kamanan, 14.
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Elşən Acalov, Tahir Əhmədov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.