Sərbəst güləş üzrə yığmamız 3-cü yeri tutdu

Sərbəst güləş üzrə yığmamız 3-cü yeri tutdu

Serbiyada güləş üzrə Fərdi Dünya Kubokuna yekun vurulub. Yarışın sonuncu günündə sərbəst güləş üzrə 5 dəst medalın sahibi müəyyənləşib. Azərbaycan millisinin 4 güləşçisi həlledici görüşə çıxıb. Onlardan Rəşad Yusifli (79 kq) təsəlliverici qarşılaşmada məğlub olub. Finalda qüvvəsini sınayan Əhmədnəbi Qvarzatilov (61 kq) da qələbə qazana bilməyib. Abashacı Məhəmmədovla (Rusiya) üz-üzə gələn pəhləvanımız həlledici görüşdə rəqibinə 1:5 hesabı ilə uduzaraq gümüş medala sahib çıxıb.

97 kq çəki dərəcəsində yarışan Şamil Zubairov isə mükafatın bir addımlığında büdrəyib. O, bürünc medal görüşündə Ahmed Batayevlə (Bolqarıstan) bacarmayıb - 1:8.

Bir gün öncə yarımfinalda uduzan Hacı Əliyev (65 kq) bürünc medal üçün fransalı İlman Muxtarovla qarşılaşıb. Görüşdə inamlı qələbə qazanan titullu pəhləvanımız Fərdi Dünya Kubokunun bürünc medalına sahib çıxıb.

Bir gümüş və bir bürünc medal qazanan sərbəst güləş yığmamız komanda hesabında 91 xalla üçüncü yeri tutub. Rusiya 210 xalla birinci, Türkiyə isə 104 xalla ikinci pillədə yer alıblar.

Beləliklə, komandamız Fərdi Dünya Kubokunu qızıl medalsız başa vurub. Yığmamız Belqradda ümumilikdə 2 gümüş və 4 bürünc medala layiq görülüb.

Qeyd edək ki, yığmamızın heyətində daha öncə yunan-Roma güləşçilərimizdən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medala sahib olub. Qadın güləşçilərimizdən isə Elis Manolova (65 kq) 3-cü yeri tutub.