AFFA-nın növbəti konfransı keçirilib

AFFA-nın növbəti konfransı keçirilib

Yanvarın 29-da AFFA-nın videokonfrans formatında növbəti konfransı keçirilib. Səsvermə hüququna malik 35 nümayəndədən 34-ü konfransda iştirak etdiyindən yetərsay təsdiqlənib. AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirib: “Təxminən bir ildən çoxdur dünyanın əksər ölkələri COVID-19 pandemiyası ilə mübarizə aparır. Pandemiya dövrünün öz tələbləri var. Biz də bu amilləri nəzərə alaraq, bu gün videokonfrans formatında görüşürük. Əlbəttə, pandemiya ilə bağlı 2020-ci ili çətin və bəlkə də uğursuz adlandırmaq olardı. Lakin ötən il bizim üçün hər zaman Zəfər ili kimi xatırlanacaq. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Böyük Qələbə münasibətilə hər birinizi təbrik edirəm. Vətən müharibəsində AFFA-da qeydiyyatdan keçmiş, Azərbaycan futbol ailəsinin 191 üzvü də şəhidlik zirvəsinə ucalıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.

Assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov məlumat verib ki, UEFA-nın baş katibi Teodor Teodoridis AFFA-nın konfransına videomüraciət ünvanlayıb və videomüraciət nümayiş olunub.

Sonra E.Məmmədov ötən il AFFA tərəfindən həyata keçirilmiş tədbirlər barədə hesabat məruzəsi ilə çıxış edib. Ardınca hesabat videoçarxı nümayiş olunub.

AFFA-nın maliyyə və mühasibatlıq departamentinin rəisi Xalid Cavadov və müstəqil auditor Elnur Kazımov da hesabat məruzələri ilə çıxış ediblər.

E.Məmmədov məlumat verib ki, Avro-2020-nin oyunlarının keçiriləcəyi şəhərlərdə ekoloji vəziyyətə töhfə vermək, çempionatın futboldankənar uzunmüddətli irsinin saxlanılması ilə bağlı UEFA İcraiyyə Komitəsi ev sahibi şəhərlərdə 50 min ağacın əkilməsi barədə qərar qəbul edib. AFFA UEFA-nın bu təşəbbüsünü müsbət qarşılayıb. AFFA ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən, müxtəlif yaşıllaşdırma idarələrinin ərazisində 50 min 600 ağac əkilib. Ağacların bir qismi Xocasən gölünün ətrafında, digər hissəsi isə hava limanı magistral yolunun Suraxanı rayonu ərazisindən keçən hissəsinin ətrafında əkilib.

Konfransda bununla bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.

Sonra AFFA-nın texniki direktoru Cahangir Həsənzadə çıxış edərək gənclərdən ibarət milli komandaların hazırlıq prosesi və turnirləri barədə məlumat verib.

FIFA nümayəndəsi Nodar Axalkatsi çıxışında FIFA tərəfindən AFFA-nın konfransına ünvanlanmış fikirləri səsləndirib.

Konfransın nümayəndəsi Oqtay Abdullayev Tovuzda “Turan-Tovuz” klubunun nəzdində inşa olunmuş Futbol Akademiyasının istifadəyə verilməsi ilə bağlı AFFA rəhbərliyinə minnətdarlığını bildirib.

Konfrans başa çatdıqdan sonra İcraiyyə Komitəsinin iclası keçirilib.