Qaxda uşaqlar üçün futbol düşərgəsi təşkil edilib

Qaxda uşaqlar üçün futbol düşərgəsi təşkil edilib

Gənclər və İdman Nazirliyinin "Real Madrid” Fondu (Fundacion "Real Madrid”) ilə birgə həyata keçirdiyi "Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası” sosial layihəsi çərçivəsində Qax şəhərində uşaqlar üçün yay sosial futbol düşərgəsi təşkil edilib.
"Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi "Real Madrid” Fondunun uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası üzrə sosial futbol modelini Azərbaycanda tətbiq etməklə ölkədə futbolun inkişafı və kütləviliyinə dəstək verməkdir.
Layihə Gənclər və İdman Nazirliyi ilə "Real Madrid” Fondu arasında bu il aprelin 29-da imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq 2013-2017-ci tədris illərini əhatə edir. Qarşıda duran əsas vəzifələr futbolla bağlı məlumat-maarifləndirməni və təbliğatı gücləndirmək, futbol mütəxəssislərinin hazırlanması sistemini təkmilləşdirmək, müvafiq sahədə qabaqcıl texnologiyaların tətbiqi məqsədi ilə xarici futbol təşkilatları ilə əlaqələr qurmaq, əhalinin bütün təbəqələrindən olan uşaqların futbolla məşğul olmalarına şərait yaratmaqdan ibarətdir.
Layihə çərçivəsində 9-17 yaş arasında 100 nəfərədək oğlan və qız iki həftə ərzində şəhər stadionunda təcrübəli məşqçilərdən futbol dərsləri alıb, bacarıqlarını inkişaf etdiriblər.