Məhəllə futbolu üzrə yarışlar yekunlaşıb

Məhəllə futbolu üzrə yarışlar yekunlaşıb

Lökbatan qəsəbəsində yerləşən Təlim-İdman Bazasında Azərbaycan Respublikasının Milli Qəhrəmanı Cəmil Niftəliyevin xatirəsinə həsr olunmuş Qaradağ rayonu üzrə məhəllələrarası mini-futbol üzrə turnir başa çatıb. 2001-2002-ci il təvəllüdlü uşaqlar arasında keçirilən turnirdə 12 komanda çıxış edib. Ümumilikdə 120 nəfərin iştirak etdiyi turnirdə I yeri "Neftçi” , II yeri "Lökbatan”, III yeri” Çempion” komandası tutub. Final oyunlarından sonra turnirin təntənəli bağlanış mərasimi keçirilib. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Adil Ağayev çıxış edib. O, futbolun inkişafında, xüsusilə, uşaqlar arasında keçirilən məhllələrarası mini-futbol turnirinin böyük rol oynadığını bildirib. Sektor müdiri əlavə edib ki, Respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı” yüksək səviyyədə icra olunur. Tədbirin sonunda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, idman geyimləri və kubokla təltif olunublar.
Bundan başqa Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Binəqədi rayonu Gənclər və İdman İdarəsi tərəfindən 248 nömrəli orta məktəbin mini-futbol meydançasında 2001-2002-ci il təvəllüdlü uşaqlar arasında məhəllələrarası mini-futbol turniri keçirilib. 6 avqust tarixində gərgin oyun şəraitində keçirilən 3-cü yer uğrunda oyunda "Azəri” komandası 6:5 (əsas oyun 4-4, 7 metrlik zərbələrlə 2-1) hesabı ilə qalib gəlib. Final oyunundasa "Azadlıq” komandası "Ümid” komandasına 3:1 hesabı ilə qalib gəlib. Turnirin sonunda təntənəli bağlanış mərasimi keçirilib. Binəqədi rayonu Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Salman Əbdülov, Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Azər Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. Çıxış edənlər uşaqların asudə vaxtlarının səmərəli təşkili, uşaq futbolunun inkişafı, futbol yarışlarında kütləviliyin təmin edilməsi məqsədilə uşaq və yeniyetmələr arasında yarışların keçirilməsinin böyük rol oynadığını vurğulayıblar. Sonda qalib komandalar müvafiq dərəcəli diplomlar, medallar, xatirə hədiyyələri və kubokla təltif ediliblər.