Türkiyə çempionatının I liqasında ilk tura yekun vurulub. Turun son qarşılaşması Adanada keçirilib. Yerli "Adanaspor”la "Orduspor”un qarşılaşması Azərbaycan milli komandasının daha bir futbolçusunun Türkiyədə debütü ilə əlamətdar olub.
Yığmamızın ən yaxşı bombardirləri siyahısında qərarlaşan Branimir Subaşiçin "Orduspor”da ilk oyunu uğurlu alınıb. Onun komandası səfərdə 4:0 hesabı ilə qalib gəlib. Start heyətində meydana çıxan hücumçumuz 90 dəqiqə ərzində qol vurmasa da, oyunu yaxşı alınıb. Hücumda rəqib qapıçını gərginlikdə saxlayan Subaşiçin fərqlənməsinə oyunun
64-cü dəqiqəsində dirək mane olub. Türkiyəli həmkarlarımız onun oyununu 7 xalla qiymətləndirib. Qarşılaşmanın iştirakçılarından yalnız 4-ü daha yüksək qiymət alıb.
Qeyd edək ki, turun ilk 2 günündə Fərid Quliyevlə Saşa Yunisoğlu da Türkiyədə debüt etmişdi.