"Asiya şaxtaçılar”ı isə "köhnə qitə”ni heyrətləndirməkdə davam edir
Bu həftə UEFA Çempionlar Liqasının pley-off iərhələsinin ilk oyunları keçirilib. İki gün ərzində təşkil olunan oyunlarda maraqlı nəticələr qeydə alınıb. İlk oyunlardan sonra "Şaxtyor”, "Real Sosyedad”, "Zenit”, "Viktoriya”, "Austriya”, "Arsenal” və "Bazel” klubları böyük üstünlük əldə ediblər.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
20 avqust
"Şaxtyor” (Qazaxıstan) - "Seltik” (Şotlandiya) - 2:0
Qollar: Andrey Finonçenko, 12, Serges Xizniçenko, 77.
İlk oyun günü 5 matç keçirilib. Qazaxıstan təmsilçisi "Şaxtyor” doğma azarkeşləri önündə Şotlandiyanın "Seltik” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Oyun gözlənilənlərin əksinə olaraq, meydan sahiblərinin üstünlüyü ilə keçib. Meydana toplaşmış azarkeşlər hesabın açılmasını elə də çox gözləməyiblər. Oyunun 12-ci dəqiqəsində rəqib komandasının qapısı qarşısında yaranan qarşılıqdan "Şaxtyor”un futbolçusu Andrey Finonçenko lazımınca istifadə edərək, topu qapıya vurub. Bundan sonra qonaqların yetərincə qol vurmaq imkanları olub. Lakin son anlarda futbolçuların qeyri-dəqiq zərbələri və qapıçının inamlı çıxışı hesabın bərabərləşməsinə mane olub. Əvəzində qazaxıstanlılar ələ düşən qol vəziyyətlərindən lazımınca istifadə ediblər. Matçın 77-ci dəqiqəsində komanda yoldaşından əla ötürmə alan Serges Xizniçenko başla topu qapıdan keçirib. Nəticədə, Qazaxıstan təmsilçisi 2:0 hesablı qələbə qazanaraq, qrup mərhələsinə bir az yaxınlaşıb.
"Lion” (Fransa) - "Real Sosyedad” (İspaniya) - 0:2
Qollar: A. Qrizmann, 17, Seferoviç, 50.
Günün maraqla gözlənilən oyunlardan biri Fransada təşkil olunub. Yerli "Lion” klubu İspaniyanın "Real Sosyedad” klubunu sınağa çəkib. Matç ispanların qələbəsi ilə yekunlaşıb. Hər hissədə bir qol vuran "Real Sosyedad” evə böyük üstünlüklə yollanıb. Rəqib qapısından qolları Qrizmann ilə Seferoviç vurublar.
"Pakoş Fereyra” (Portuqaliya) - "Zenit” (Rusiya) - 1:4
Qollar: A. Leo, 58 - R. Şirokov, 27, 60, 90; Deqra, 85 (öz qapısına).
Rusiyanın "Zenit” klubu gözlənilmədən "Pakoş Fereyra” ilə səfər oyunundan böyük hesablı qələbə ilə qayıdıb. Portuqaliyada keçirilən oyunda hesabı qonaqlar açıblar. Fasiləyə minimum hesablı üstünlüklə yollanan "Zenit” ikinci hissədə rəqibi "qol atəşi”nə tutub. Amma ikinci hissədə ilk qolu meydan sahiblərinin heyətində Leo vurub. Bundan sonra ruslar 3 qol vuraraq meydana toplaşmış yerli azarkeşləri üzüb. Qonaqların heyətində Şirokov 3 dəfə fərqlənməklə diqqət mərkəzinə düşüb. 1 qolu isə Deqra öz qapısına vurub.
PSV (Hollandiya) - "Milan” (İtaliya) - 1:1
Qollar: Tim Matavs, 60 - Əl Şaravi, 15.
Hollandiyanın PSV klubu evdə İtaliyanın "Milan” klubunu qəbul edib. Özlərini qonaq kimi aparmayan milanlılar hesabı açan tərəf olublar. Oyunun 15-ci dəqiqəsində Əl Şaravi fərqlənməyə müvəffəq olub. bu dəqiqələrdə matç qonaqların ərazi üstünlüyü ilə keçib. Lakin İtaliya təmsilçisi qol vəziyyətlərindən istifadə edə bilməyib. Əvəzində meydan sahibləri fasilədən sonra əla düşən fürsətdən lazımınca yararlanıb. Komanda yoldaşının zərbəsini rəqib qapıçı dəf etsə də, özünü Tim Matavs təkrar zərbə ilə topu qapıdan keçirib. Bundan sonra tərəflərin səyinə baxmayaraq, 1:1 hesabı sonadək dəyişməyib. Bu hesab Milan təmsilçisinə cavab oyunu öncəsi üstünlük qazandırıb.
"Viktoriya” (Çexiya) - "Maribor” (Sloveniya) - 3:1
Qollar: M. Çisovski, 8, Vladimir Darida, 58, Duris, 90 - Mejac, 66.
Günün digər oyununda Çexiyanın "Viktoriya” klubu Sloveniyanın "Maribor” komandası ilə qarşılaşıb. Oyun meydan sahiblərinin üstünlüyü ilə başa çatıb. Çexlərin 3 qoluna qonaqlar yalnız bir dəfə cavab verə bilib.
21 avqust
"Dinamo” (Zaqreb, Xorvatiya) - "Austriya” (Avstriya) - 0:2
Qollar: Leovak, 68, Stankoviç, 75.
Qırmızı vərəqə: Ante Rukavina, 71 ("Dinamo”).
Zaqrebin "Dinamo” klubu Avstriyanın "Austriya” komandasını sınağa çəkib. Matç qonaqların üstünlüyü ilə keçib. İlk hissədə tərəflərin səyinə baxmayaraq, hesab açılmayıb. Fasilədən sonra irəli atılan qonaqlar hesabı açıblar. Oyunun 68-ci dəqiqəsində Leovak fərqlənib. Hücumlarını davam etdirən avstriyalılar qoldan 7 dəqiqə sonra yenə fərqləniblər. Bu dəfə Stankoviç rəqib qapısına yol tapıb. Nəticədə, səfərdə qazandığı qələbə ilə "Austriya” demək olar ki, özlərini qrup mərhələsində hiss edə bilərlər.
"Fənərbaxça” (Türkiyə) - "Arsenal” (İngiltərə) - 0:3
Qollar: Gibbs, 51, Aron Remzi, 64, Olivye Jiru, 77 (pen.).
Ölkəmizdə kifayət qədər azarkeşi olan Türkiyənin "Fənərbaxça” klubu doğma azarkeşləri önündə İngiltərənin "Arsenal” komandası ilə münasibətlərinə aydınlıq gətirib. Güclü rəqibi qarşısında çətinlik çəkən "sarı lacivərdlilər” meydandan 3:0 hesabı ilə məğlub ayrılıb. İlk hissədə komandalar qol vura bilməyiblər. Fasilədən sonra oyun Kadıköy təmsilçisinə "qorxulu yuxu” kimi görünüb. Matçda hesabı qonaqlar açıblar. Oyunun 51-ci dəqiqəsində sağ cinahdan təşkil olunmuş hücum zamanı komanda yoldaşından ötürmə alan Gibbs boş qapını dəqiq nişan alıb - 0:1. Qoldan sonra ərazi üstünlüyünü davam etdirən "topçular” rəqibi daha bir dəfə oyuna mərkəzdən başlamağa məcbur ediblər. Aron Remzinin uzaqdan vurduğu top qapıçı Volkan üçün qarşısıalınmaz olub. Oyunda son qol matçın 77-ci dəqiqəsində vurulub. Baş hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini Olivye Jiru dəqiq yerinə yetirib. Bununla da, İstanbul klubu mərhələ adlamaq şansını çətinləşdirib.
"Ludoqorets” (Bolqarıstan) - "Bazel” (İsveçrə) - 2:4
Qollar: Marselo, 23, Stoyanov, 50 - Salah, 12, 59, Sio, 64, Şar, 84 (pen.).
Qırmızı vərəqə: Uilson de Souza, 83 ("Ludogorets”).
İsveçrənin "Bazel” klubu Bolqarıstanda "Ludoqorets” komandasının qonağı olub. Özlərini qonaq kimi aparmayan isveçrəlilər hesabı açan tərəf olub. Komandanın heyətində Salas fərqlənib. Qoldan sonra ruhdan düşməyən meydan sahibləri 2 qol vuraraq, hesabda önə keçiblər. Marselo və Stoyanov meydan sahiblərinə üstünlük gətirən qollara imza atıblar. Lakin Bolqarıstan təmsilçisinin bundan artığına gücü çatmayıb. "Bazel” matçın gedişində daha 3 qol vuraraq inamlı qələbə qazanıb. Qonaqların heyətində Salah, Sio və Şar (pen.) qol vurmaq bacarıqlarını nümayiş etdiriblər. Səfərdən 4:2 hesablı qələbə ilə qayıdan "Bazel”, demək olar ki, qrup mərhələsinə vəsiqəni özləri üçün təmin ediblər.
"Şalke” (Almaniya) - PAOK (Yunanıstan) - 1:1
Qollar: Farfan, 32 - Miroslav Stok, 73.
Günün digər maraqlı matçı Almaniyada keçirilib. Yerli "Şalke” Yunanıstanın PAOK klubunu sınağa çəkib. Oyunda hesabı meydan sahibləri açıblar. Matçın 32-ci dəqiqəsində Farfan rəqib qapısına yol tapıb. Qonaq komanda yalnız fasilədən sonra hesabı bərabərləşdirməyə müvəffəq olub. Matçın başa çatmasına 17 dəqiqə qalmış Miroslav Stok fərqlənməyə nail olub. Səfərdən heç-heçə ilə qayıdan Yunanıstan təmsilçisi qrup mərhələsinə yüksəlməyə şanslıdır.
"Styaua” (Rumıniya) - "Legia” (Polşa) - 1:1
Qollar: Piovassari, 34 - Koseçki, 53.
Rumıniyanın "Styaua” klubu Polşanın "Legia” komandasını sınağa çəkib. Bu oyunda da qalib müəyyənləşməyib. Fasiləyədək meydan sahibləri qol vurmağa nail olublar. Oyunun 34-cü dəqiqəsində Piovassari fərqlənib. İkinci hissədə qonaqlar hesabı bərabərləşdiriblər. Koseçkinin zərbəsi qarşısıalınmaz olub. Nəticədə, 1:1 hesablı heç-heçə edən polşalılar evə üstünlüklə yollanıblar.
Qeyd edək ki, komandalar arasında cavab görüşləri avqustun 27 və 28-də olacaq.
Rahib Səmədov