Çempionlar Liqası: “Real” 3 il əvvəlki finalın nəticəsini təkrarladı

Çempionlar Liqası: “Real” 3 il əvvəlki finalın nəticəsini təkrarladı

Ötən gün UEFA Çempionlar Liqasında dörddə bir final mərhələsinə start verilib. İlk oyun günündə iki qarşılaşma təşkil olunub. Gecənin maraqla gözlənilən oyunu İspaniyada oynanılıb. İspaniya təmsilçisi “Real” İngiltərənin "Liverpul" komandası ilə üz-üzə gələn Görüş “kral klubu”nun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qarılaşmada ilk qol matçın 27-ci dəqiqəsində vurulub. Vinisius Junior meydan sahiblərini önə çıxarıb. Doqquz dəqiqə sonra Marko Asensio fərqi 2 topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıya daha yaxşı başlayan qonaqlar 51-ci dəqiqədə Məhəmməd Salahın qolu ilə buraxılan toplardan birinin əvəzini çıxıb. Lakin 65-ci dəqiqədə dubl edən Junior mersisaydlıları 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. Beləliklə, Madrid təmsilçisi 3 il əvvəl Çempionlar Liqasının finalında məğlub etdiyi “Liverpul”u yenə də eyni hesabla üstələdi. Gecənin digər oyununda isə İngiltərə təmsilçisi “Mançester Siti” Almaniyanın "Borussiya Dortmund” klubunu qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyun “şəhərlilər”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı 9-cu dəqiqədə "şəhərlilər"in yarımmüdafiəçisi Kevin De Bröyne açıb. Dortmund təmsilçisi bu qola 84-cü dəqiqədə cavab verib. Marko Roys tarazlığı bərpa edib. Xosep Qvardiolanın komandası 90-cı dəqiqədə Fil Fodenin vurduğu qolla çətin qələbə qazanıb.

Bu komandaların cavab oyunları aprelin 14-də olacaq.