“Rəvan” islahatlara başlayıb

“Rəvan” islahatlara başlayıb

Topaz Premyer Liqasında mövsümə uğursuz start verən "Rəvan” Premyer Liqanın III turunda "Bakı”ya böyük hesabla məğlub olduqdan sonra baş məşqçi Vladislav Qədirov klub rəhbərliyi ilə görüş keçirib. Klubun rəsmi saytının yaydığı məlumata görə, rəhbərlik 42 yaşlı mütəxəssisin oyun və nəticə barədə hesabatını dinləyib. Sonra uğursuzluq zolağından çıxmağın yolları müzakirə olunub. V. Qədirovu tam dəstəkləyən rəhbərlik ona lazım olmayan futbolçuları heyətdən kənarlaşdırmağa icazə verib.
Təcrübəli məşqçi artıq islahatlara başlayıb. Təxminən 1 həftədir komandanın baş məşqçisi olan V. Qədirov məşqlərdə və konkret "Bakı” ilə matçda gördüklərinə əsasən klubun oyun üslubuna uyğun gəlmədiyinə, sürətli futbolla ayaqlaşa bilmədiyinə görə 2 futbolçunu əsas komandadan uzaqlaşdırıb. Belə ki, Nodar Məmmədov və Bəxtiyar Soltanov komandadan göndərilib. Hər 2 futbolçu ilə danışıq olub və qarşılıqlı razılıq əsasında yolların ayrılması lazım bilinib.
Qeyd edək ki, "Rəvan” "Bakı”ya 0:5 hesabı ilə uduzmuşdu.