"Sanderlend”in baş məşqçisi Paolo Di Kanio komandada sərt intizam qaydaları tətbiq edib ki, onlardan da biri stadionda mobil rabitənin qadağan olunmasıdır. 45 yaşlı italiyalı mütəxəssisin fikrincə, doğmaları və yaxınları ilə tez-tez ünsiyyət qurmaları futbolçuların oyun və məşqlərə düzgün köklənməsinə mane olur.
O, həmçinin yetirmələrinə kola, kofe, ketçup, mayonez və s. kimi həzm üçün ziyanlı olan bəzi ərzaq və içkilərdən istifadəni yasaqlayıb.
"The Guardian” Di Kanionun sözlərini belə təqdim edib: "Əgər kimsə məşq meydanına mobil telefonla gəlsə, hətta onu çantasında saxlasa belə, həmin telefonu götürüb Şimal dənizinə tullayacağam. Hətta bir fincan kofe də oyun və ya məşq ərəfəsində problem yarada bilər. Kofe içmək olar, amma meydana çıxmazdan üç-dörd saat əvvəl. Bu içki əhvala, məşqi mənimsəməyə təsir edir. Onu səhər içmək lazımdır, evdən çıxmağa yaxın yox. Buzla kola daha pisdir. Oyundan əvvəl onu içən çox futbolçu tanıyıram. Sonra onlarda qəbzlik olur və onlar normal oynaya bilmirlər. Oyunçuların komandanın tibb personalıyla sıx dostluğu da xoşuma gəlmir. Əvvəllər kimsə massajçıya yaxınlaşıb deyə bilirdi: "Dünən yeddi krujka pivə içmişəm”. Massajçılar da bunun yanlış olduğunu demək əvəzinə, onları himayə edirdilər ki, yaxşı məşqçiyə deyərəm ki, sənə istirahət lazımdır. Bundan sonra belə şeylər olmayacaq”.