Sərbəst güləşçilərimiz Qazaxıstan yığması ilə birgə hazırlıq keçir 

Sərbəst güləşçilərimiz Qazaxıstan yığması ilə birgə hazırlıq keçir 

Sərbəst güləş üzrə Azərbaycan yığması aprelin 21-dən Bakıda növbəti təlim-məşq toplanışına start verib.
Federasiyadan  verilən məlumata görə, 6 - 9 mayda Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq Dünya Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan hazırlıq prosesi Olimpiya Güləş Mərkəzində keçirilir.
Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında davam etdirilən toplanışda əsasən taktiki-texniki çalışmalara üstünlük verilir. Hazırlıq prosesi Bakıda olan Qazaxıstan millisi ilə birgə gerçəkləşir.
Qazaxıstan yığmasının baş məşqçisi Əsət Serikbayev hazırlıq prosesindən danışıb. O, 16 nəfərlik heyətlə Bakıya gəldiklərini bildirib: "İki ölkənin komandasının birgə təlim-məşq toplanışının faydalı olacağını düşünürəm. Müsbət və mənfi tərəfləri, çatışmazlıqları görmək üçün bu hazırlıq prosesi çox vacibdir. İlk dəfə deyil ki, Bakıya gəlirik. Bu toplanış Dünya Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır. Lisenziya yarışında bir güləşçi ilə təmsil olunacağıq. 86 kq-da Tokio Olimpiadasına vəsiqə qazanacağımızı düşünürəm".

Qeyd edək ki, sərbəst güləşçilər mayın 3-də Bolqarıstana yollanacaq. Olimpiadaya lisenziya qazandıracaq sonuncu yarış olan Dünya Olimpiya Təsnifat turnirində milli 3 çəkidə - 57, 86 və 125 kq-da olimpiadaya vəsiqə əldə etməyə çalışacaq. Sofiyada güləşin bu növü üzrə mübarizə 6-7 mayda baş tutacaq.