Olimpiya mükafatçımıza yeni rütbə verildi

Olimpiya mükafatçımıza yeni rütbə verildi

Cüdo üzrə yığma komandamızın üzvü, Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucova yeni rütbə verilib.

Bu barədə Olimpiya mükafatçısı özü feysbuk səhifəsində paylaşım edib.

Cüdoçumuz Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin müvafiq əmrinə əsasən növbəti “Baş leytenant” hərbi rütbəsinə layiq görülüb.

O, paylaşımında Sərhədçi İdman Olimpiya Mərkəzinin rəisi polkovnik Elşən Mirzəyev və Mərkəz rəisinin müavini, idman bölməsinin rəisi polkovnik-leytenant Firdovsi Umudov tərəfindən təltif olunduğunu qeyd edib.

Məlumat üçün bildirək ki, Rüstəm Orucovla yanaşı, həmçinin karate üzrə Avropa çempionu və IV İslam Həmrəyliyi Oyunlarının qalibi Fəridə Abıyevaya isə kapitan rütbəsi verilib. Bir neçə gün öncə isə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin Sərəncamı ilə tanınmış idmançı Nicat Şıxəlizadənin də rütbəsi artırılmışdı. DSX-də xidmət edən, kapitan N.Şıxəlizadə "mayor" rütbəsinə layiq görülmüşdü.