"Real”ın qapıçısı İker Kasilyas İspaniya mətbuatına verdiyi müsahibəsində komandanın heyətindəki rəqabətdən danışıb. Kasilyas Madrid təmsilçisinin keçmiş baş məşqçisi Joze Mourinyonun klubun uğurlarındakı əməyini də qeyd edib."Karlo Ançelottinin rəhbərliyi altında yenicə məşq edirik. Bu üzdən onunla Joze Mourinyo arasındakı fərq barədə danışmaq hələ tezdir. İstənilən halda, keçmişə baxmağın mənası yoxdur. Biz Mourinyoya komandadakı işinə görə minnətdar olmalıyıq. Amma indi klubun tarixində yeni səhifə açırıq və ümid etməliyik ki, "Real” hamıdan yüksəkdə olacaq.
Ançelottidə qalib ruhu var və hamı bunu görür. O elə əvvəldən bunu göstərdi. Ötən mövsüm komanda titullar qazanmağın bir addımlığında oldu. Amma indi biz hər üç turnirdə məqsədimizə çatmaq istəyirik.
Komandamızda həmişə sağlam rəqabət olub. "Real”da çox yaxşı qapıçılar var və bunu normal qarşılamaq lazımdır. Qapıda durmaq üçün rəqabətdən çox danışılır, amma digər mövqelərə də iki-üç oyunçu iddialıdır.
"Real”ın əsas qapıçısı olmağı çox istəyirəm və bunun üçün var gücümlə çalışıram. Amma bizim komandanın istənilən digər üzvü də, sizə elə bu sözləri deyər. Start heyətinə düşmək üçün mübarizə aparmaq lazımdır və bunu, həmişə olduğu kimi, edəcəyəm”, - deyə 32 yaşlı qapıçı bildirib.