Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəhbəri fransız Mişel Platini özünü Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti vəzifəsinə iddialı hesab etmir. O, seçkilərdə öz namizədliyini irəli sürüb-sürməyəcəyi barədə hələ qəti qərara gəlməyib. 
Xarici mətbuatın yazdığına görə, Platini öz qərarını UEFA-nın üç həftədən sonra Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək konqresində elan edəcək. UEFA-nın prezidenti Fransada çıxan "L'Equipe” nəşrinə verdiyi müsahibədə məsələyə belə münasibət bildirib: "Hələlik mən bunun yaxşı, yoxsa pis olması barədə fikirləşirəm. Vaxtilə UEFA-ya başçılıq etməyə özümü necə inandırmışdımsa, indi də özümü inandırmalıyam ki, mən həqiqətən FİFA-nın prezidenti olmağı arzu edirəm. Lakin UEFA və FİFA ayrı-ayrı qurumlardır”.
Qeyd edək ki, FİFA prezidentliyinə seçkilər 2015-ci ildə keçiriləcək. O vaxta qədər FİFA-nın indiki rəhbəri Yozef Blatterin öz vəzifəsinin icra etməsinin 17 illiyi ilə bir vaxta təsadüf edəcək.
Mişel Platini Blatterin bu məsələ ilə bağlı onun barədəsində dediyi sözlərə də münasibət bildirib: "Blatter deyib ki, mənim onun vəzifəsinə namizəd olmağım aşkardır. Lakin bizim aramızda heç bir razılaşma yoxdur”.