Olimpiya mükafatçımız dünya çempionatında mübarizəyə başlayır

Olimpiya mükafatçımız dünya çempionatında mübarizəyə başlayır

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Bu gün yarışda kişilər və qadınlar arasında daha 2 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. Komandamız isə yalnız kişilərin mübarizəsində təmsil olunacaq. Yarışların beşinci günündə tatami üzərinə sonuncu təmsilçimiz Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Elmar Qasımov çıxacaq. 100 kq çəki dərəcəsində qüvvəsini sınayacaq cüdoçumuz mübarizəyə ikinci mərhələdən başlayacaq. Təmsilçimizin ilk görüşdəki rəqibi bolqarıstanlı Boris Georgiyev olacaq.

Qeyd edək ki, komandamızın aktivində hələlik 1 bürünc medal var. Komandamıza yeganə medalı yarışların birinci günündə ​ Kəramət Hüseynov (60 kq) qazandırıb. Tokio Olimpiadasına lisenziya xarakterli yarışda Azərbaycan 12 cüdoçu ilə təmsil olunur. Dünya çempionatına iyunun 13-də yekun vurulacaq. Yarışların son günündə komanda yarışları təşkil olunacaq.