Futbolçuların film karyerası

Futbolçuların film karyerası

Sadə insanlardan fərqli olaraq məşhurlar daha çox diqqət mərkəzində olurlar. Onların şəxsi həyatı və karyerası hər zaman insanların marağını cəlb edib. Lakin o da məlumdur ki, heç bir azarkeş sevib- seçdiyi məşhurun həyat və karyerasının hər bir anını izləmək imkanına malik deyil. Bəzi rejissorlar bunu nəzərə alaraq, məşhurların həyatını əks etdirən filmlər çəkiblər. Təbii ki, rejissorlar əfsanəvi futbolçuları da yaddan çıxarmayıblar. Beləliklə, bu sayımızda bir neçə ulduz futbolçunun həyatını əks etdirən filmlərlə bağlı hazırladığımız yazını oxucularımıza təqdim edirik.
 

Dieqo Maradona

Dünya futbolunda adını əbədi olaraq yazdıran argentinalı əfsanə Maradonanın həyatı diqqətləri daha çox çəkib. Futbolçunun şəxsi həyatı ilə bağlı, demək olar ki, hər gün yeni bir şayiə yayılmaqdadır. Əmir Kustirasan lentə aldığı filmlə bu söz-söhbətlərə son qoymağa çalışıb. “Maradona” adlı sənədli film 2008-ci il Kann festivalını, sözün yaxşı mənasında, şoka salıb. Lakin çoxlarının rəğbətini qazanan film, o qədər də asan başa gəlməyib. Filmin rejissoru əfsanəvi futbolçunu razılığa gətirmək üçün xeyli əziyyət çəkib. Uzun müddət Maradonanın arxasınca gəzən rejissor, hətta Buenos-Ayresə səfər edib. Sen demə, Dieqonun filmi çəkməyə razılıq verməməsinə onun çəkinməsi olub. Maradona qorxurmuş. Qorxurmuş ki, rejissor onun həyat və futbol dünyasındaki gizli qalan məqamları üzə çıxara bilər.
Lakin hər şey yaxşı sonluqla bitib. Maraqlı məqamlardan biri də o idi ki, bu filmdə futbol ikinci planda qalıb. Yəni, burada daha çox siyasət, musiqi və fəlsəfəyə yer ayrılıb. Filmi lentə almaq üçün məşhur futbolçu və rejissor uzun müddət vaxtlarını birgə keçiriblər. Onlar siyasətdən danışıb, “ağ ölüm” haqqında uzun-uzun söhbət ediblər. Bu əziyyətlərin sonunda kino dünyasına səs salan sənədli film ərsəyə gəlib.
Mardonanın sözlərinə görə, film sayəsində o, nəhayət ki, vətəndaş maraqlarını, həyatı haqda fikirlərini dəyişib, pərəstişkarlarına müraciət etmə imkanı qazanıb.


 

Zinədin Zidan

Film dünyasına ulduz futbolçu Zidan 2005-ci ildə gəlib. Həmin il Denni Kennonun rejissorluğu ilə çəkilən “Qol!” filmində futbolçu özünü canlandırmağı ilə yaddaşlarda qalıb. Filmdə futbol ulduzu olmağı arzulayan və bunun üçün Los-Ancelesdən İngiltərəyə yola düşən oğlandan bəhs olunur. Qeyd edək ki, filmdə Zidan ilə bərabər daha iki futbol ulduzu- Raul Qonsales və Devid Bekhem də yer alıblar. Lakin “Qol!” Zidanın film həyatında sonuncu olmayıb. Ulduz futbolçu rejissor ikinci rolunu Duqlas Qordon və Filipp Parrenonun filmində qazanıb. “Zidan, XXI əsrin portreti” adlı bu filmdə yer alacaq kadrlar üçün “Real Madrid” və “Vilyareal” oyununda qurulan 17 kamera yalnız Zidanı müşahidə edib. Əfsanəvi futbolçunun həyatını əks etdirən film, Beynəlxalq Edinburq kinofestivalında nümayiş etdirilib. Sənədli bir film gözləyən tamaşaçılar sürprizlə qarşılaşıblar. Belə ki, film daha çox Zidanın psixoloji portretini əks etdirib. Futbolçunun özünü canlandırmadığı yeganə film “Asteriks Olimpiya oyunlarında” adlı film olub. Kadrlarda futbolçu misirli geyimində yumorlu ifadələr söyləyir.
 

Vinni Cons

Müasir kinomatoqrafiyada idman dünyasının ən məşhur simalarından biri Vinni Cons hesab olunur. Vinni futbolçunun aktyor deyil, aktyorun futbolçu kimi çıxış etdiyi filmdə rol alan nadir insanlardan biridir. Londonun “Çelsi” klubunun heyətində 42 oyuna, “Uels” milli komadasının tərkibində isə 9 oyuna çıxıb.
Vinni Cons “Ulimberdon” klubunu təmsil edərkən şöhrət qazanıb. Ötən əsrin 80-90-cı illərində böyük əzmkarlıgı ilə seçilən kluba “Dəlilər yığması” adı verilmişdi.
Futbolçunun karyerasının yüksəliş nöqtəsini 1988-ci ildə yaşayıb. Həmin dövrdə onun komandası İngiltərə kubokunu qazanır. Daha sonra “Pul, qumar, iki tapanca” filmindən aldığı məvacibi Cons xəstəxanaya bağışlayıb. Sonralar məlum olur ki, məhz bu xəstəsanada onun həyat yoldaşı ürəkköçürmə əməliyyatı keçirib.
Vinni Cons Ancelina Coli, Nikolas Keyc, Bred Pitt, Ceyson Stethem, Con Travolta, Holli Berri kimi Hollivud ulduzları ilə eyni səhnəni bölüşüb.
2013-cü ilin noyabr ayında aktyor-futbolçu bütün fanatlarına kədərli xəbər verib: O, dəri xərçəngindən əziyyət çəkdiyini bildirib. Xəstəliyi ilə əlaqədar Vinni Cons karyersına fasilə vermək qərarına gəlib.

 

David Jinola

David Jinola film karyerasına reklam filmində çəkilmək ilə başlayan məşhurlardan biridir. Müəyyən müddətdən sonra Jinola “Rostbif” adlı qisametrajlı filmdə rol alıb. Futbolçu İkinci Dünya müharibəsindən bəhs olunan “Axırıncı eniş” filmində alman snayperi rolunu canlandırıb. David Jinolanın ən məşhur ifadlərindən biri “Futbolda oyunu yenidən oynamaq mümükün deyil, ancaq filmdə daha bir dublun çəkilməsi mümkündür” sözləridir. Həyatının ayrı-ayrı illərində David “Discovery” kanalı ilə əməkdaşlıq etməklə yanaşı, özünü model biznesində də sınayıb. O, sonuncu dəfə “No pressure” (“Heç bir təzyiq”) adlı qısametrajlı filmdə çəkilib.

Türkay Niftəliyeva