Azərbaycan növbəti 2014/15-ci illər mövsümünün startında UEFA reytinqində irəliləyəcək. Hazırda bu siyahıda 30-cu yerdə olan və böyük ehtimalla, mövsümü elə bu sırada başa vuracaq ölkəmiz 2013/14-cu illər mövsümü qurtardıqdan sonra 2 pillə irəliləyəcək.
Buna səbəb artıq növbəti mövsümdə 2009/10-un nəticələrinin hesabdan silinməsidir. Belə ki, həmin mövsümdə topladığımız 1,500 xal nəzərə alınmayacaq.
İndi 2009-2013-cü illəri əhatə edən 5 mövsümün nəticəsinə əsasən, Azərbaycanın hesabında 10,375 xal var. Bu göstərici 31-ci olan Gürcüstandan 0,500 xal çox, 29-cu olan Slovakiyadan 0,625 xal azdır. Mübarizəni davam etdirən yeganə təmsilçimiz "Qarabağ”ın xal hesabımızı artırmaq imkanının inandırıcı olmadığını, elə izləyicilərimizin də eyni durumda olduğunu nəzərə alsaq, mövqe və xalımız çətin dəyişsin.
2010/11 (2,000), 2011/2012 (1,375), 2012/13 (3,000) və cari mövsümün (2,500) xallarının nəzərə alınacağı növbəti ildə isə ümumi xalımız 8,875 olacaq. Bu isə 2014/15-ci illər mövsümünə 28-ci pillədə başlamaq imkanı verəcək.
Qeyd edək ki, cari mövsümün startında 7,875 xalı olan ölkəmiz klublarımızın çıxışları sayəsində 2,500 xal qazanıb.