AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncağın əsas müzakirə mövzusu Topaz Premyer Liqasının IV turunun qalmaqallı "Xəzər Lənkəran” - "Neftçi” qarşılaşması olub.
Azarkeşlər arasında kütləvi dava-dalaşla nəticələnən qalmaqallı görüşlə bağlı müzakirələrdən sonra AFFA meydan sahiblərinə qarşı sərt cəzalar tətbiq edib. Ümumilikdə, qolsuz heç-heçə ilə nəticələnən "Böyük oyun” cənub təmsilçisinə 19 min manata başa gəlib.
İntizam Komitəsinin qərarında bildirilir ki, matçın fasiləsində cənublu azarkeşlər "Neftçi” fanatları olan sektora doğru hərəkət gedərək, onlara fiziki təsir göstərməyə cəhd etmiş, lakin polis tərəfindən münaqişə sakitləşdirilib. Bununla əlaqədar görüşün ikinci hissəsi 6 dəqiqə gec başlamışdı. Oyundan sonra yerli azarkeşlər yenidən "Neftçi” fanatlarına hücum etməyə cəhd göstərib. Amma polis və daxili qoşun qüvvələri tərəfindən buna imkan verilməmiş və baş verə biləcək hər hansı xoşagəlməz hadisələrin qarşısı alınıb. Buna baxmayaraq, cənublu fanatlar qonaqlar olan sektora və meydançaya çoxlu sayda pirotexniki vasitələr, oturacaqlar və digər əşyalar atıblar.
Azarkeşlər stadionu və ətraf ərazini tərk etdikdən sonra matçın hakimləri və "Neftçi” klubunun azarkeşləri polisin müşayiəti ilə stadiondan çıxıblar.